İmişli rayonu, Ağamalı kəndində məskunlaşan Kəlbəcər köçkünü Balayev Qüvəd Göygöz oğlu Daxili İşlər Naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova və Məhkəmə Ekspertiza Mərkəzinin rəisi cənab Fuad Cavadova müraciət edib.
Vətəndaş üzləşdiyi qanunsuzluq halarının əks olunduğu şikayətin bir surətini də Gununsesi.org-un elektron ünvanına yollayıb.
Şikayətdə deyilir:
Mən ailəmlə birlikdə Kəlbəcər rayonunun Mərcimək kəndindən məcburi köçkün düşmüşəm. Üç ildir ki, İmişli rayonunun Ağamalı kəındində məskunlaşmışıq. Oğlum Seymur Balazadənin “Toyota Hilux” 10 XV 810 dövlət nömrə nişanlı avtomobili var. 23.07.2018-ci ildə o, yaşadığımız Ağamalılar kəndinin girişində həmin kəndin sakini Qambayov Rəsul Humay oğlunun idarə etdiyi 30 BJ 548 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə toqquşmuşdur. Qəza nəticəsində oğlumun avtomobilinə 6.660 (altı min altı yüz altmış) manat ziyan dəymişdir. Hadisə yerinə İmişli rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş, qəza yerinin fotosunu və avtomobillərin qəzadan sonrakı vəziyyətinin şəkillərini çəkmiş, protokol tərtib etmişdirlər. Daha sonra oğlum Seymurun və Rəsulun izahatları alınmışdır.
Aparılmış ilkin araşdırma nəticəsində müəyyən edilmişdir ki, hadisə Qambayov Rəsul Humay oğlunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozması nəticəsində baş vermisdir. Rəsul Qambayov 26.07.2018-ci il tarixdə İmişli rayon Ağamalılar kəndinin icra nümayəndəsinin öz möhürü ilə təsdiq etdiyi və şahidlərin iştirakı ilə tərtib edilmiş Akta imza etmiş, oğlumun avtomobilini tam təmir etməyi öz üzərinə götürmüşdür. Ancaq o, hadisədən bir müddət sonra bu sözündən qaçaraq, avtomobi təmir etməkdən imtina etmişdir.
Bundan sonra bizim şikayətimiz əsasında İmişli rayon Polis Şöbəsində araşdırma başlanmış, araşdırmanın aparılması İmişli rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Əliyev Elsəvər Orucəli oğluna tapşırılmışdır. Elsesvər Əliyevin qəza hadisəsini birtərəfli istiqamətdə araşdırması, Rasul Qambayovun tərəfini tutması, onunla şübhəli, korrusiya əlaqəsinə girərək, qərəzli şəkildə hadisənin oğlumun günahı üzündən baş verməsi qənaətinə gəlməsi və 25 oktyabr 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etməsi bizim etirazlarımıza səbəb olmuş, bundan sonra şikayətlərimiz əsasında onun qəbul etdiyi qərar İmişli rayon prokurorunun müavini Famil Axundov tərəfindən ləğv edilmişdir.
Belə ki, Elsesvər Əliyevin qanunsuz əməllərinə etiraz etdikdən sonra iş araşdırılmaq üçün İmişli Rayon Polis Şöbəsinin müstəntiqi Kamran Vəliyevə tapşırılmışdır. Ötən ilin sonunda Kamran Vəliyev hadisə yerinə baxış keçirərək, avtoqəzanın səbəbini müəyyən etmək məqsədilə avtotexniki eksprtiza təyin edilməsi barədə qərar qəbul etmiş və rəy verilməsi üçün Mərkəzi Ekspertia Mərkəzinə göndərmişdir. Rəy verilməsi sözügedən Mərkəzin eksperti Sahib adlı şəxsə tapşırılmışdır. Qanunda ekspert rəyinin verilməsi üçün maksimum 1 (bir) ay müddət nəzərdə tutulsa da, artıq 4 aya yaxındır ki, rəy verilməmişdir. Bunun səbəbini müstəntiq Kamran Vəliyevdən soruşduqda, o, eskpertin hələ ki rəyi hazır etmədiyini, ekspertdən soruşduqda isə, müstəntiqin göndərdiyi vəsatətlərə cavab verməməsini göstərir. Nəticədə, artıq mart ayının yarısına çatmasına az qalsa da, ekeprtiza rəyi hələ də hazır deyil.
Belə təəssürat yaranır ki, İmişli rayon Polis Şöbəsinin əməkdaşı Kamran Vəliyev bu işi uzatmaqla, sanki problemi unutdurmaqla “həll eləmək” istəyir. Eyni zamanda, Mərkəzi Ekspertiza Mərkəzinin əməkdaşı Sahib adlı ekspert də qanunverciliyin tələblərini pozaraq, rəyi hazır edib, tələb edilən ünvana göndərmək istəmir.
Sizdən xahiş edirəm ki, Mərkəzinin əməkdaşı Sahib adlı əməkdaşın qanunazidd əməlləri barədə qanuni ölçü götürəsiniz.
Hörmətlə,
Balayev Qüvəd Göygöz oğlu
11 mart 2019