Kəlbəcər qızıl yataqlarında kəşfiyyat işlərinə BAŞLANILIB

“Hazırda Kəlbəcər qızıl yataqlarında geoloji kəşfiyyat, monitorinq işləri aparılır”.

Bununla bağlı Modern.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov məlumat verib.

HTML tutorial

Komitə sədri bildirib ki, qızıl ehtiyatlarının nə qədər olduğu və ermənilərin bu sahədə vurduğu ziyan dəqiqləşdiriləcək:

“Dəqiqləşdirmə mərhələsindən sonra qızıl yataqlarından istifadə haqqında müvafiq strategiya hazırlanacaq. Azərbaycan respublikasının sərhədləri daxilində yerləşən bütün təbii sərvətlər Azərbaycan xalqının inkişafına, rifahına xidmət etməli, bu məqsədlər üçün istifadə olunmalıdır. Ona görə, həmin qızıl yataqlarının da işlənməsinə başlanılacaq”.

Sadiq Qurbanov onu da bildirib ki, dəqiqləşdirmə prosesinin sonunda hüquqi sənədlər qəbul ediləcək:

“Bizim beynəlxalq məhkəmələrə müraciət etmək, ermənilərin ərazilərimizdəki təbii sərvətləri talan etdiklərini bildirmək hüququmuz var. Bununla bağlı da addımlar atacağıq. Hələlik dəqiq, əsaslı və sübut olunmuş məlumatlar toplanmalıdır. İstənilən halda, Kəlbəcərin qızıl yataqlarında aktiv kəşfiyyat işləri aparılır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalamışdı. Sərəncama əsasən, Yerin təkindən istifadə sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib.

Gununsesi.info