Kəlbəcər şəhər günündə kəlbəcərlilər haqqında - Deputat yazır

  • By ilhame
  • 25 Noyabr 2023 19:57

Kəlbəcər şəhər günündə tanıdığım kəlbəcərliləri xatırladım və onların haqqında tarixi ardıcıllıqla yazmaq istədim.

Kəlbəcər ifadəsini ilk dəfə qardaşımdan eşitmişəm. Uşaq idim. Radioda Aşıq Şəmşirin ifasını, Səməd Vurğunla  deyişməsini eşitmişdim: “Aşıq Şəmşir Dəli dağdan keçəndə kəklikli dağlardan xəbər al məni. Ceyran bulağından qızlar içəndə. Saz tutub, söz qoşub, yada sal məni”. Sonralar ədəbiyyatçı olan, bir neçə şeir kitabı nəşr olunmuş qardaşım Vahid müəllimdən Aşıq Şəmşir kim olduğunu soruşmuşdum. Kəlbəcərdən və Aşıq Ələsgərin qohumu olduğunu demişdi.

60-cı illərin ortaları idi. Yardımlı rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə Kəlbəcərin Yanşaq kəndindən olan Səfər Verdiyev seçilmişdi. O zaman Hamarkənd kənd məktəbinin direktoru, Pedaqoji Texnikumdan sonra Pedaqoji İnstitutda qiyabi təhsil  alan, kolxoz partiya təşkilatının katibi olan Qulam əmimin və kəndimizin ilk ali təhsilli şəxsi, həkim-əczaçı, rayonda olan tək aptekin müdiri, rayon Mərkəzi Xəstəxanasının partiya təşkilatının katibi Əjdər əmimin (Qulam və Əjdər böyük əmimiz Əlinin  övladları olsa da, onları əmi bilmişdik, əmi deyirdik. Sonradan öyrəndik ki, Əli əmim müharibədə həlak olub, övladlarına atam təhsil verib. Anam da bizə həmişə deyib ki, sizin əmilərinizdir) atamla söhbətlərindən Səfər Verdiyev haqqında eşitmişdim.

Qəsəbə 1 saylı məktəbdə qardaşlarım Zəkəriyyə ilə Səfər Verdiyevin böyük oğlu Aqil, Vahidlə isə Zəfər bir sinifdə oxumuşdular. Onlar da xeyli söhbət etmişdi.

Azərbaycan Dövlət Universitetinin (indiki BDU)  Tarix fakültəsinə qəbul oldum. Qalmaq üçün 7 nömrəli yataqxanada 5-ci mərtəbədə bir otaq verdilər. 105-ci otaq.  İlk dəfə otağa daxil oldum. 3 nəfər var idi. Tanış olduq.  Üçü də fakültənin 5-ci kurs tələbəsi idi: Kəlbəcərdən Xəlil Rüstəmov, Ağstafadan Novruz və Tovuzdan Alı. Yaxşı oxuyurdular. Mədəni, zəhmətkeş idilər, gecələr hardasa qarovulçu işləyəni də var idi. Otaqda ilk dəfə çay süfrəsi arxasında Xəlilin mənə dediyi sözləri indi də xatırlayıram: “Bizə baxma, dərslərini yaxşı oxu. 5-ci kursda oxuyanda sənin də boş vaxtların çox olacaq”. Həmişə mən seminar dərslərinə hazırlaşanda Xəlil otaq yoldaşlarımıza deyərdi ki, gedək, mane olmayaq. Bu münasibəti heç bir zaman unutmadım. Universiteti bitirdikdən bir müddət sonra Xəlil Kəlbəcər rayon Sovetinin sədri oldu. Ermənistan hərbi təcavüzə başlayarakən digər kəlbəcərlilər kimi düşmənə qarşı qəhrəmancasına döyüşdü. Polis zabiti olan qardaşı itkin düşdü. Onun adını çəkəndə Xəlilin gözləri  həmişə yaşarır. Məcburi köçkün həyatı yaşayan Xəlilgil Gəncədə müvəqqəti yerləşdilər. Əlaqəmizi qırmadıq. Bir müddət Aşıq Şəmşirin nəvəsi, dəyərli millət vəkili Cavid Qurbanovun  köməkçisi işlədi. Əziz dost, Kəlbəcər şəhər günün mübarək olsun!

Universitetdə ilk aylarda Nail Verdiyevlə tanış oldum. Eyni kursda oxuyurduq. O, 498-ci qrupda, mənsə 500-cü qrupda. Səfər Verdiyevin qardaşı oğlu idi. 8-ci mikrorayonda kirayə evdə qalırdı. Dəvət edərdi. Yaxşı gitara çalardı. Sonralar Nailin qardaşı Rasimlə tanış olduq. Dostluq münasibətlərimiz yarandı. Əziz dostlar, Kəlbəcər şəhər gününüz mübarək olsun!

Tale elə gətirdi ki, Nail və Rasimin vasitəsilə Səfər Verdiyevlə şəxsən tanış oldum. Kimlərdən olduğumu soruşdu. Dedim. Böyük hörmətlə danışdı. Görüşlərimizin birində ondan Yardımlı rayonunda işləməsi və Heydər Əliyev haqqında soruşdum. Dedi ki, Yardımlı rahat bir rayon idi, camaatı da sakit. Biləsuvarda buraxılış məntəqəsi var idi. Gələn-gedən az olurdu. Kimin gələcəyini əvvəldən bilirdik. Bir dəfə Sırıq kəndində kolxoz fermasının yanında  Qəzənfər Həbibov, təşkilat şöbəsinin müdiri Balabəg Rzayev və bir neçə şəxslə  dayanmışdıq. Qaz-21 markalı bir maşın gəldi. Bizə çatanda dayandı. Maşından Dövlət Təhlükəsizliyi Komitəsindən Heydər Əliyev düşdü. Hal-əhval tutduqdan sonra dedi ki, sərhəddə yerləşən Deman kəndinə gedəcəyəm. Qaz-21 markalı maşınla Demana getməyin mümkün olmadığımı dedim və özümün UAZ maşınımla yola saldım. Sürücünü mehmanxanaya göndərdik. Heydər Əliyev Deman kəndinə gedib qayıtdı və dərhal da Bakıya getdi.

Yeri gəlmişkən qeyd edim ki, Yardımlı-Deman yolu cənab Prezident İlham Əliyevin Yardımlıya səfəri zamanı tikildi. Amma indi dağılıb, belə getsə, rayon mərkəzinin Deman kəndi ilə əlaqəsi kəsiləcək. Azəravtoyolun yolu tikəcəyinə inanıram.

Heydər Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilir. Bir müddət sonra Səfər Verdiyevi MK-ya birinci katibin qəbuluna çağırırlar. Qəbul zamanı Heydər Əliyev soruşur ki,  Yardımlıya gəlməyim yadındamı? Sonra   rayon haqqında və görüşərkən yanında olan şəxsləri soruşur. Yekunda deyir ki, Yardımlıda qalıb işləmək istəyirsənmi? Səfər Verdiyev deyir ki, bəli. Beləliklə, Səfər Verdiyev 1974-cü ilədək Yardımlı rayon Partiya Komitəsinin birinci katibi, sonra isə Şamaxı rayon İcraiyyə Komitəsinin sədri vəzifələrində işləyir.   Heydər Əliyevlə Yardımlıda görüşənlər də ömürlərinin sonlarına kimi müxtəlif vəzifələrdə işlədilər.

Kəlbəcərin işğalı Səfər Verdiyevə də ağır təsir etmişdi. Bu gün onun da ruhu şaddır. Çay üstündə qala olan Kəlbəcər sahiblərinin əlindədir.

Universitetdə müəllim işləyərkən kəlbəcərli tələbələr qarşıma çıxıb. Yaxşı oxuyublar.  Amma birinin adını bilməsəm də davranışını heç unutmuram. Kəlbəcər artıq işğal olunmuşdu. İmtahan götürürdüm. Uca boylu bir tələbə qarşımda oturdu və birbaşa dedi ki, heç bir şey bilmir. Soruşdum ki, niyə bilmirsən? Avropada çempionatda olduğunu, qalib gəldiyini dedi. Haradan olduğunu soruşdum. Kəlbəcərdənəm dedi. Dedim, ilk dəfədir, Kəlbəcərdən heç bir şey bilməyən belə tələbəyə rast gəlirəm, amma mərdanəliyin xoşuma gəldi, birbaşa dedin ki, bilmirəm. Qalib gələndə himnimiz səslənəndə oxudunmu? Dedi ki, bəli. Oxumağını istədim. Oxudu. Qiymətini yazdım. Dedim ki, sən onsuz da elmə və təhsilə gəlməyəcəksən, idman yarışlarında qalib gəlməyinlə bayrağımızı qaldıracaqsan, sənə uğurlar olsun. İndi harada işlədiyini bilmədiyim həmin kəlbəcərli idmançı qardaşımızı da təbrik edirəm!

2010-cu ildə Milli Məclisə seçildikdən sonra Aşıq Şəmşirin nəvəsi, millət vəkili, sadə, səmimi, təvazökar  Cavid Qurbanovla tanış oldum. İndi vəzifədə olduğu üçün bu dəyərli insan haqqında ən yaxşı sözləri yazmağa lüzum görmürəm. Cavid müəllimi də təbrik edirəm!

Bir neçə il əvvəl Kəlbəcərdən seçilən millət vəkili Aqil Məmmədovla səfər yoldaşlığımız oldu. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında enəndə dedi ki, heç bilmədim səfər necə gəlib-keçdi. Əziz Aqil müəllim, təbrik edirəm!

Tanıdığım kəlbəcərli nəşriyyat, media nümayəndələrini –  Əlövsət Ağalarovu, Elşad Eyvazlını, Aqil Camalı, Etibar Seyidağanı, Pərviz Həşimlini səmimi, dürüst gördüm. Onların da haqqında geniş yazmıram və təbrik edirəm!

Artıq Haqqın dərgahına qovuşmuş Zülfüqar Hüseynzadə ilə Ankarada Hava Limanında təsadüfən rastlaşmışdıq. Oturub çay içmişdik. Kəlbəcər dərdi onu üzürdü. Kəlbəcər azad edildikdən sonra sanki uçurdu. Qəbri nurla dolsun.…

İlahiyyat Universitetinin  rektoru Aqil müəllim Şirinovu da belə tanıdım…

Öz zəhməti ilə addımlayan iş adamı, dərin bilikli, yüksək mədəniyyətli  Məhərrəm Ömrümovu da dürüst, Kəlbəcərin suları kimi saf, havası kimi təmiz gördüm. Kəlbəcər həsrəti onu yandırırdı. Bir dəfə söhbətimizdə dedi: “Dünya malında gözüm yoxdur. İllərlə yığmışdıq, ev tikmişdik. Bir  gecədə erməniyə qaldı. Bircə istəyim o torpağa ayağımın dəyməsidir”. Kəlbəcərin azad olmasından sonra onun da ayağı yer tutmurdu, göylərdə uçurdu. İlk görüşümüzdə dedi: “ Allah cənab Prezidenti qorusun. Kəlbəcəri qaytardı. Bizi özümüzə qaytardı. Bu gün dünyanın ən xoşbəxt adamı bizik”.

Məhərrəm Kəlbəcərdən mənə İstisu gətirmişdi. Əziz dost, səni bir daha təbrik edirəm!

İndiyədək tanıdığım kəlbəcərliləri oranın havası kimi təmiz, suları kimi saf, təbiəti kimi təbii, dürüst, mərd gördüm. Bütün kəlbəcərliləri təbrik edirəm!

Bütün dostları yaza bilmədim. İnciməzlər…

Əsas odur ki, bu gün kəlbəcərlilər və bütün Azərbaycan xalqı xoşbəxtdir. Azad Kəlbəcər sıfırdan tikilir, sakinlərini qəbul etməyə hazırlaşır. Gözləriniz aydın olsun! Gözlərimiz aydın olsun!

Allah Kəlbəcərin xilaskarı olan cənab Prezidentimiz İlham Əliyevi, Dövlətimizi və  Millətimizi qorusun!

Musa Qasımlı

Milli Məclisin deputatı

Gununsesi.info