Kəlbəcərin tarixi yadigarları - FOTO

Bu yerlərdəki qalalar minilliklərdən, ilk insan məskəni olduqlarından soraq verir.

Zamanın sərt dönəmlərindən keçib günümüzə qədər qorunub saxlanan, sözün həqiqi mənasında tariximizə iz salan maddi mədəniyyət nümunələri arasında qalaların xüsusi yeri var. Onların folklor nümunələrində öz əksini tapması heç də təsadüfi deyil. Etnoqraflar da tarixin daş yadigarları kimi qalaların əhəmiyyətini yüksək qiymətləndiriblər. Yadellilərin hücumlarının qarşısının alınmasında onların əvəzsiz rolu barədə əfsanəyə bənzər həqiqətləri bu günə çatdıran hekayətlər və rəvayətlər də az deyil.

HTML tutorial

Ərazisində qalaların çox və əksəriyyətinin də alban dövlətinin yadigarı olmasına görə Kəlbəcər və İsmayıllı rayonları daha çox diqqət çəkib.
Kəlbəcər qalalarını tədqiq edənlərin fikrincə, onlar əsasən karvan yollarının üstündə tikilirmiş. Bunun da səbəbi həmin yollara nəzarət olunması idi. Rayonun ərazisindəki ən məşhur qalalardan biri “Löh”dür. Qalanın içərisində qayadan yonulmuş, dərinliyi 3-5 metrə çatan quyular var. Bu quyularda ya ərzaq, ya da su saxlanılırmış. Həmin quyuların içərisində nəhəng palıd ağacları bitmişdi ki, hər birinin diametri bir metrə qədər. Qalanın Lev çayı istiqamətində iki mağarası da aşkar olunmuşdur. Bura ən qədim insan məskənlərindən hesab edilir. Yay aylarında sərin, qışda isə isti olan bu mağarada istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkün imiş.
Tarixin sərt sınaq və imtahanına məruz qalmış bu yadigarlar (abidələr, qalalar) təbii ki, insan əli ilə tikilmişdi. Təəssüf ki, onlar elə “insan əli” (əməli) ilə də tamamilə məhv olmaq təhlükəsinə qədər dağıdılmış və hətta, bəziləri yerlə-yeksan olunmuşdur. Amma möcüzədir ki, tarixin yaddaşı olan qalalar, mağaralar bəzən özü-özünü hifz etmiş və əsrimizə qədər bir neçə min illik ömür yaşamışlar. Kəlbəcər qalalarının içərisində ən yüksəklikdə yerləşəni “Comərd”dir. Məşhur Tutquçay ərazisinin “giriş qapısı” hesab edilən, ötən əsrin əllinci illərində açılan tuneldən keçdikdən sonra qarşılaşdığın Comərd kəndindən xeyli yuxarıda, meşənin içərisində, qayalıqda tikildiyi üçün belə adlanıb. “Qaraçanlı” və ya “Uluxan” qalası isə Qaraçanlı kəndinin yaxınlığında, Kəlbəcərdən İstisuya gedən yolun solunda, Tərtər çayının sahilindədir.
Daha çox dağıdılmış və məhv edilmiş qalalardan biri də “Qalaboynu” idi. Qalanın içərisində 200-dən çox binanın xarabalıqları – kalafa yerləri var idi. Bura da vaxtilə dağlardan yeraltı su xətti çəkilibmiş.
Kəlbəcərdəki qala və abidələrin sırasına daxil olanlardan biri də “Laçınqaya”sıdır. Qala monqollar tərəfindən dağıdılmış, əhali qılıncdan elə keçirilmişdir ki, tarixçilərin məlumatına görə, insan qanı qayaların arasından sel kimi axıb Tərtər çayını boyamışdır…
Rayonda Qaçaq Nəbinin adı ilə də qala vardı. Qaçaq Nəbi kəndlilərin ərizəsinə burada baxdığı üçün adı “Ərizə” qalası kimi yayılmışdır.
Azərbaycan Albaniyası memarlığının möhtəşəm nümunələrindən biri də “Xudavəng” məbədi kompleksidir. Ağdərə-Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı, Kəlbəcər şəhərinin 29 kilometrliyində yerləşən bu qədim Alban məbəd kompleksi VI-VII əsrlərdə inşa olunub. Məbədin ilkin tikintisinin məhz həmin dövrə aid olması buradakı qazıntılar zamanı tapılan saxsı məmulatların öyrənilməsi nəticəsində aşkarlanıb. Sonrakı dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona əlavələr olunub, nəhayət, Xaçın knyazı Həsən Cəlal (1215-1261-cı illər) tərəfindən məbəddə əsaslı bərpa işləri həyata keçirilib. Bəzi məlumatlara görə, Həsən Cəlalın həyat yoldaşı Minə Xatun burada dəfn olunub.
Ümumilikdə, kompleksə bu tikililər daxildir: Qədim kilsə, kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası, Arzu Xatun, Həsən Cəlal məbədləri, Arzu Xatun məbədinə əlavə edilmiş zal, Zəng qülləsi, məktəb binası, qalereya.
Bu tikililərdən beşi əsas, digərləri köməkçi xarakteri daşıyır. Məbəd kompleksinə daxil olan bu abidələrin heç də hamısı dövrümüzədək yaxşı vəziyyətdə çatmamış, daha qədim olanları nisbətən uçub-dağıdılmış haldadır.
Binaların inşası zamanı əsasən yerli qara bazalt daşdan, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilib, damları isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülüb. Maraqlıdır ki, üstü günbəz kimi inşa edilmiş binaların tikintisində ağac materiallarından istifadə olunmayıb. Binalarda kiçik pəncərə oyuqları da mövcuddur. Həmin oyuqların yuxarı hissəsi nalşəkilli formada düzəldilib.
Məbədə daxil olan tikililərin divarlarında yağlı boya ilə çoxlu şəkillər və yazılar həkk edilib. Kompleksin ətrafı digər alban məbədlərində olduğu kimi, möhkəm divarlarla əhatələnib.
Kompleksə daxil olan Arzu Xatun kilsəsi isə öz monumentallığı ilə seçilir. Bu məbəd 1214-cü ildə Alban knyazı Vaxtanqın xanımı Arzu Xatun Arcruni tərəfindən ərinin və iki oğlunun xatirəsinə inşa etdirilib.
Torpaqlarımız işğal edildikdən sonra “Xudavəng” məbədi də dəfələrlə ermənilərin təcavüzünə məruz qaldı. Düşmən, abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox edərək, tarixi saxtalaşdırmağa çalışdı. Onlar öz təbliğatlarında məbədi erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-mədəni irsini özününküləşdirirdilər.
Dəhşətlisi odur ki, Ermənistan işğal etdiyi ərazilərdəki bütün tarixi, dini və mədəniyyət abidələrini beləcə darmadağın edib, onları saxtalaşdıraraq, özlərinə məxsus olmasına çalışıblar. Lakin, saxtakarlıq uzunömürlü ola bilməzdi. Dünya artıq erməni saxtakarlığının və vandallığının şahidinə çevrilib. Beynəlxalq KİV-lərin nümayəndələri də 44 günlük Vətən müharibəsi ilə işğaldan azad edilən ərazilərə səfərlərində bunun şahidinə çevrildilər.
Ümumiyyətlə, Azərbaycanın son illər dünya xalqlarının nəzərlərində daha möhtəşəm görünməsi onun bugünkü inkişafı, Avropaya inteqrasiyası ilə yanaşı, tarixi və mədəniyyətini özündə qoruyub saxlayan maddi mədəniyyət nümunələri ilə zənginliyidir. Bunların isə ölkəmizdə turizmin inkişaf etdirilməsində mühüm əhəmiyyəti var. Təkcə təbiətimizin deyil, tariximizin daşlaşmış yadigarlarından səmərəli istifadə və onların gələcək nəsillərə çatdırılması isə bizim vətəndaşlıq borcumuzdur. Bu baxımdan qalalar və tarixi yadigarlar məskəni olan Kəlbəcər həm də zəngin təbiət muzeyi kimi qorunub saxlanmalı və inkişaf etdirilməlidir.

Məhəmməd Nərimanoğlu

Gununsesi.info