Kəlbəcərli jurnalistin “Tanrı yoxuşu” adlı kitabı çap edilib

  • By admin
  • 13 Aprel 2022 21:54
Bu gün Azərbaycan Milli Kitabxanasında araşdırmaçı-jurnalist Elxan Salahovun yenicə çapdan çıxnış “Tanrı yoxuşu” kitabının təqdimat mərasimi keçirilib.
 

Gununsesi.info  xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, məcburi köçkünlər iştirak edib.

İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, “Tanrı yoxuşu” kitabı işğalçı Ermənistanın 1993-cü ildə Kəlbəcər rayonunda törətdiyi müharibə cinayətlərindən bəhs edir: “Bu kitabı həyəcansız oxumaq mümkün deyil, hiss olunur ki, müəllif topladığı məlumatları, erməni zülmündən əziyyət çəkən insanların başına gələnləri göz yaşları ilə yazıb. Mən özüm də “Tanrı yoxuşu”nu göz yaşı ilə oxumuşam. Kitab dərin məzmuna malikdir, vaxt gələcək bu kitablar gələcək nəsillərə tarixi mənbə olacaq. Kitab canlı şahidlərin dilindən yazılıb. Belə kitablar, sənədlər hər zaman lazımdır”.

“Azərnəşr”in direktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov müəllifin “Tanrı yoxuşu” kitabını hazırlayarkən böyü zəhmətə qatlaşdığını, respublikanın müxtəlif regionlarında məcburi köçkün həyatı yaşayan şahidləri tapmaq, onların başına gələn hadisələri araşdırmaq üçün illər sərf etdiyini söyləyib: “Elxan Salahov özü də keçmiş döyüşçü və şəhid qardaşıdır, o, müharibə cinayətlərinin ağrı-acısını 28 ildir ürəyində-canında çəkən jurnalistdir. Əminəm ki, müəllif kitabda yazdığı hadisələrin iştirakçıları və şahidləri ilə dəfələrlə görüşərək Kəlbəcər əhalisinin başına gətirilən faktları topladıqdan sonra dövlətimizə və xalqımıza lazım olan sanballı bir tarixi əsər ərsəyə gətirib. İnanıram ki, o, üzərinə götürdüyü bu missiyanı axıra qədər davam etdirəcək və biz onun daha bir neçə belə kitabların oxuyacağıq”.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da Ermənistanın müharibə cinayətlərindən bəhs edən “Tanrı yoxuşu” kitabı real faktlara əsaslanan sənədli əsər kimi tarixdə qalacaq: “Mən Elxan Salahovu gənclik yaşlarından, hələ jurnalistikada fəaliyyətə başladığı ilk illərdən tanıyıram. O, jurnalistikaya hörmət gətirən, sözün qədrini bilən, zəhmətə qatlaşmaqla sanballı araşdırmalar müəllifi kimi ad-san qazanan, prinsipial jurnalistdir. Onun bütün əziyyəti və uğurları gözümün qabağındadır, bilirəm ki, həm bundan əvvəlki “Qanlı kaha” kitabı, həm də “Tanrı yoxuşu” peşəsinə sevgidən, yurduna məhəbbətdən doğub. Aradan illər keçəcək, bəlkə də 50-100 il, tarixi vərəqləyəndə bu cür kitablar gələcək nəsillərə yol göstərəcək. Hələ “Tanrı yoxuşu”nu  oxuya bilməmişəm, amma uzun illərdir tanıdığım Elxan Salahovun danışdığı xatirələrindən elə bilirəm ki, artıq kitabı oxumuşam”.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə Elxan Salahovun Azərbaycan jurnalistikasında özünəməxsus yeri olduğunu söyləyib: “Yeni kitabl həm onun, həm də Azərbaycan tarixinin nisgilli tərəfini göstərir. Bəzən bu cür faciələri yazmağa adamın gücü çatmır. Bu baxımdan, Elxan Salahovun 28 il əvvəl Kəlbəcərin işğalı zamanı dinc sakinlərin erməni əsgərləri tərəfindən qətlə yetirilməsi, qadın və qocaların, yataq xəstələrinin yerindəcə güllələnməsi, əsir və girovlara ağlasığmaz işgəncələr verilməsinə dair faktları araşdırması və belə bir kitab  yazması böyük şücaətdir”.

Kəlbəcərli ziyalı, energetik Arif Süleymanov isə Ermənistanın müharibə cinayətlərini, xüsusilə də 1993-cü ilin aprelində Başlıbel kəndində törədilmiş kütləvi qətliamla bağlı apardığı araşdırmalara görə müəllifə təşəkkür edib. O qeyd edib ki, mənfur qonşumuz tarix boyunca Azərbaycan və türk toplumuna qarşı düşmənçilik edib, soyqırımı aktları törədib və  müəyyən müddətdən sonra bu hadisələr unudulub: “Bu, xalq və millət olaraq bizim ən zəif yerimizdir. Tarixin bəzi mərhələlərində ermənilərin törətdiyi vandalizm aktlarını, soyqırımı cinayətlərini bizlərə unutdurublar və bunun ağrı-acısını hələ də çəkirik. Bu baxımdan Elxan Salahova böyük təşəkür edirik ki, 1990-cı illərdən bəri ermənilərin törətdiyi müharibə cinayətlərini, Kəlbəcər əhalisinin başına gələnləri tarixə çevirə bildi. İnsan həyatda əbədi deyil, biz hamımız dünyamızı dəyişəcəyik, amma “Qanlı kaha” və “Tanrı yoxuşu” kimi kitablar tarixdə qalacaq, gələcək nəsillərə örnək olacaq”.

Arif Süleymanov deyib ki, istər “Qanlı kaha”, istərsə də “Tanrı yoxuşu” kitabı xarici dillərə tərcümə olunaraq dünyaya yayılmalı, filmlər çəkilməlidir. O, yaxın günlərdə hər iki kitabın 5 nüsxəsinin Londanda yaşayan azərbaycanlıların yaratdığı kitabxanaya göndəriləcəyini də vurğulayıb.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov isə Ağdaban faciəsi və Başlıbel qətliamından söz açaraq ermənilərin Kəlbəcərin dinc əhalisinə qarşı törətdiyi hər iki hadisənin tariximizin qan yaddaşı kimi xarakterizə edib. O, qeyd edib ki, “Tanrı yoxuşu” kitabında toplanmış materiallar Ermənistanın müharibə cinayətlərini dəlil və sübutlarla dünya ictimaiyyətinə çatdıra biləcək bir neçə sənədli filmin mövzusu və ssenarisi ola bilər: “Elxan Salahov Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabı ilə böyük bir tarix yazıb. Həmin kitab işıq üzü görəndən sonra Başlıbel faciəsi beynəlxalq aləmdə tanınmağa başladı. Belə ki, ötən ilin mayında BMT-nin rəsmi saytında Başlıbel faciəsi barədə məlumat yayıldı, sentyabr ayında isə dövlət başçısı Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ermənilərin törətdiyi bu kütəvi qətliamdan danışdı. Prezident həmin çıxışı ilə işğalçı ermənistanın müharibə cinayətlərini növbəti dəfə beynəlxalq aləmdə ifşa etdi”.
Ehtiyatda olan polkovnik, keçmiş komandir Balay Nəsibov, Dövlət İqtisad Universitetinin dosenti Ənvər Salahov, Milli Aviasiya Akademiyasının dosenti Aqil Əsədov, pedaqoq Sabir Mirzəyev, mühasirə günlərinin canlı şahidləri Rizvan Rzayev, Şahlar Muradov və başqaları hər sətri ağrı-acı, gözyaşı ilə yazılmış kitabın Kəlbəcərin erməni işğalından sonrakı həyatına, erməni vandallarının törətdikləri qətliamları, qanlı cinayətləri əks etdirən tutarlı mənbə olduğunu qeyd ediblər.
Sonda söz kitabın müəllifinə verilib. Elxan Salahov çıxışında təqdbirin yüksək səviyyədə təşkilinə şərait yaratdığına görə Baş nazirin müavini cənab Əli Əhmədova, Mədəniyyət naziri Anar Kərimova və Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkür edib.
Müəllif bildirib ki, “Tanrı yoxuşu”nda toplanan faktlar bütünlüklə real hadisələrdən ibarətdir. Onun sözlərinə görə, Kəlbəcərin işğalı zamanı mühasirədə qalan və işğalçıya qarşı mübarizə aparan yüzlərlə dinc sakin son anda xilas olmağa çalışsa da, onların bir qismi ya qətlə yetirilib, ya da əsir aparılıb.
Elxan Salahov erməni quldurlarının 1992-1993-cü illərdə Kəlbəcər rayonunda törətdiyi kütləvi qətliamlarla bağlı bir neçə mühüm məlumatları diqqətə çatdırıb. O, erməni cəlladlarının dinc əhaliyə qarşı törətdiyi ən böyük cinayətlərin açı statistikasını açıqlayıb:
8 aprel 1992 – Ağdaban soyqırımı (32 şəhid, 12 yaralı, 2 itkin)
1 aprel 1993 – Tunel qətliamı (53 şəhid, 25 itkin)
1-3 aprel 1993 – Kəlbəcərin işğalı
7 aprel 1993 – Meydançay qırğını (12 şəhid, 1 itkin)
18 aprel 1993 – Başlıbel qətliamı (27 şəhid, 19 girov, 5 yaralı, 1 itkin).
Gununsesi.info