
Kəlbəcərdən məcburi köçkün düşmüş Qarabağ veteranı, 3 uşaq atası Elşən Əyyub oğlu Ağalarov müşkül durumdadır.
Qarabağ qazisinin Gununsesi.info-ya verdiyi məlumata görə, 1996-ci ildə öz zəhməti ilə tikdiyi ev uçdugundan 3 məktəbli ovladı ilə birlikdə qapılarda qalıb.
Dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə etdiyi müraciətlərə isə “ötür-ötür”lə kağız üzərində qalır:
“1996-cı ildə dövlətin yardımı olmadan Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində iki göz balaca ev tikdim. Lakin keyfiyyətsiz tikilən evdən çox daxma olan 2 gözlü dam təbii hava şəraitinə tab gətirməyib uçdu. Mən vətənim üçün canimdan keçmişəm. Yenə keçərəm. Qarabağda gedən döyüşlərdə aldığım qəlpəni hələ də bədənimdə gəzdirirəm. “Qaçkınkom” məni get-gələ salıb. Hər dəfə müraciət edirəm, məktubu Goranboy rayon İcra Hakimiyyətinə göndərirlər. Icra hakimiyyətindən isə həmişə eyni cavabı alırıq: “Sizə yeni ev tikmək üçün vəsaitimiz yoxdur. Sizin şikayətiniz üzrə bu məsələnin həlliylə aidiyyatı qurum – Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi baxır”.
3 azyaşlı ovladım var. Məktəblidirlər. Nə yeni ev tikmək, nə də uçanı yenidən bərpa etmək imkanında deyiləm. Məcburi köçkünlərlə bağlı tikilən evlərdən pay almaq isə müşkülə dönüb. Kim müraciət edim ki, mənim haqqım olan, dövlətin rəva gördüyü mənzillə təmin olunum?”- deyə, o, bildirib.
Saytımız vasitəsiylə “Qaçqınkom”un sədri Əli Həsənova müraciət edən köçkün ailəsi, sadəcə, yaşamaq üçün dövlətin ona göstərdiyi qayğıdan məhrum olmaq istəmir.
Qeyd edək ki, məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı Dövlət Proqramına əsasən, ehtiyacı olanlara respublikanın hər yerində evlər tikilir və növbəli şəkildə paylanılır. Öncə çadırda yaşayanlar, daha sonra Fin qəsəbəsindəkilər köçürülür. Hansı köçkün hansı yerli rayonlarda məskunlaşıbsa, onların sosial problemləri ilə yerli icra hakimiyyətləri məşğul olur. Yerli icra hakimiyyəti orqanları isə əlavə yardımlar etmək əvəzinə onları yenidən didərgin salırlar.
Xatırladaq ki, Komitənin starategiyasına daxil olan vəzifələr bunlardan ibarətdir:
– istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə, şəhər və rayonlardakı məktəblərdə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə məxsus binalarda, yol kənarlarında, yeraltı qazmalarda, təmir edilməsi mümkün olmayan və qəza vəziyyətində olan ictimai binalarda, yataqxanalarda, həmçinin Bakı, Sumqayıt və digər şəhər və rayon ərazilərində başqa vətəndaşlara məxsus mənzillərdə, evlərdə və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin yeni qəsəbələr salınmaqla, yaxud yaşayış evləri tikilməklə mənzil-məişət şəraitinin yaxşılaşdırılması;
– 20 il ərzində bir ailə içərisində yaranmış bir neçə ailənin mənzil-məişət çətinliklərinin aradan qaldırılması;
– məcburi köçkünlərin sıx məskunlaşdığı obyektlərdə, xüsusən yataqxana, pansionat, sağlamlıq düşərgələrində infrastrukturun yaxşılaşdırılması;
-məcburi köçkünlər arasında yoxsulluğun yüksək həddə olmasını nəzərə alaraq, regionlarda həyata keçirilən yoxsulluğun azaldılması və iqtisadi inkişaf layihələrinə onların da cəlb olunması (yeni iş yerlərinin yaradılması, mikro-kreditlərin verilməsi);
-kənd təsərrüfatı ilə məşğul olan məcburi köçkünlərə torpaq sahələrinin ayrılması, heyvandarlığın, quşçuluğun və emal müəssisələrinin yaradılmasına və inkişafına dəstək verilməsi;
-xüsusən məcburi köçkünlər üçün yeni salınmış qəsəbələrdə və digər yığcam məskunlaşma obyektlərində onların məşğulluğunun artırılması məqsədi ilə yeni iş yerlərinin və istehsal sahələrinin yaradılması, mikro-kredit layihələrinin genişləndirilməsi;
-məcburi köçkün gənclərin dəstəklənməsi, peşə təlimi və s. kimi proqramların həyata keçirilməsi;
-məcburi köçkünlər arasında yoxsulluğun azaldılması, məşğulluğun artırılması, o cümlədən donor ölkə, təşkilat, özəl şirkətlər, humanitar təşkilatlar tərəfindən qaçqın, məcburi köçkün və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin özlərini təminetmə qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi ilə kiçik və orta biznesin inkişafı, iqtisadi imkanların artırılması, kənd təsərrüfatı və digər təyinatlı mikrokredit layihələrinin həyata keçirilməsi;
-iqtisadi inkişaf proqramlarının (yeni iş yerlərinin, kiçik istehsal sahələrinin yaradılması üzrə layihələrin) qaçqın və məcburi köçkünlər üçün nisbətən əlverişli şəraitdə həyata keçirilməsi;
-donor ölkə, təşkilat, özəl şirkətlər və humanitar təşkilatlar tərəfindən humanitar yardım və inkişaf layihələrinin davam etdirilməsi;
-ən çox ehtiyacı olan qaçqın, məcburi köçkün, “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərə və digər aztəminatlı əhaliyə humanitar yardımların çatdırılmasının təşkili;
– hazırda beynəlxalq humanitar təşkilatların və donor ölkələrin humanitar yardımlarının inkişaf yönümlü proqramlarla əvəz olunmasını nəzərə alaraq, keçidin ilk mərhələsində humanitar yardımın qaçqın və məcburi köçkünlərin özlərini təminetmə qabiliyyətinin inkişaf etdirilməsinə yönəlmiş layihələrlə paralel olaraq həyata keçirilməsi;
– reabilitasiya (o cümlədən psixo-sosial) və peşə vərdişlərinin bərpası üzrə layihələrə üstünlük verilməsi;
-icmaların inkişafı, təhsil, səhiyyə proqramlarının genişləndirilməsi, yararsız binalarda fəaliyyət göstərən təhsil, səhiyyə müəssisələri üçün yeni binaların tikintisi və müvafiq avadanlıqla təchiz edilməsi;
-qaçqın, məcburi köçkün və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin sosial və digər problemlərinin həlli istiqamətində yerli və beynəlxalq humanitar təşkilatlarla birgə tədbirlərin (maddi, ərzaq yardımı, səhiyyə xidməti, uşaqların təhsili üçün lazımi şəraitin yaradılması və s.) həyata keçirilməsi.
-Böyük Repatriasiya (“Böyük Qayıdış”) proqramın layihəsinin beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, xüsusən BMT QAK və digər beynəlxalq, yerli humanitar təşkilatların iştirakı və maliyyə dəstəyi ilə işin davam etdirilməsi və beynəlxalq ictimaiyyətin bu proseslərlə bağlı mütəmadi məlumatlandırılması;
– bu sahədəki real vəziyyətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması.
Gülnaz Qənbərli
Gununsesi.info