
Erməni işğalçıları tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qanlı faciənin 25 ili tamam olur.
Gununsesi.info xəbər verir ki, bununla bağlı Kəlbəcər Rayon İcra Hakimiyyətində Ağdaban kənd sakinlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi ehtiramla anılıb. Sonra Ağdaban faciəsindən bəhs edən film nümayiş olunub.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin müavini Aytac Rüstəmzadə anım mərasimində çıxış edərək bildirib ki, Ağdaban soyqırımı son 200 ildə erməni cəlladlarının azərbaycanlılara və bütün türk dünyasına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları ağır texnikadan istifadə etməklə rus hərbçilərinin köməyi ilə Ağdaban və Çayqovuşan kəndinə hücum edərək hər iki kəndi yer üzündən siliblər. Soyqırımı nəticəsində 34 nəfər qətlə yetirilib, 7 nəfər diri-diri yandırılıb, 8 nəfər 90-100 yaşlı qocaya divan tutulub, 5 nəfər əsir götürülüb, onlarla dinc sakin isə şikəst edilib.
Həmçinin erməni vandalları uşaqları, qadınları, ahılları qətlə yetirməklə yanaşı, şair Qurban və Dədə Şəmşir ocağını yandıraraq buradakı qiymətli əlyazmaları və nadir tarixi əşyaları məhv ediblər.
Qeyd olunub ki, bu faciə qəddarlıq dərəcəsinə və miqyasına görə BMT Baş Assambleyasının “Soyqırımı cinayətlərinin qarşısının alınması və soyqırımı cinayətkarlarının cəzalandırılması” haqqında 1948-ci il 9 dekabr tarixli Konvensiyasının müddəaları ilə üst-üstə düşür. Ona görə də Ağdaban faciəsi Azərbaycan xalqına və bütün bəşəriyyətə qarşı yönəlmiş soyqırımı aktıdır.
Çıxış edən soyqırımı şahidləri, Ağdaban kənd sakinləri – Cavad Əliyeva, Dadaş Əhmədov və Dilarə Mirzəyeva dəhşətli gecəni xatırlayaraq, erməni silahlıları tərəfindən başlarına gətirilən müsibətdən danışıblar.
Ağdabanlılar bu illər ərzində dövlət tərəfindən onlara xüsusi diqqətlə yanaşıldığını qeyd edib, işğal altındakı torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına, doğma yurd-yuvalarına qayıdacaqlarına əminliklərini ifadə ediblər.
Sonda məktəblilər soyqırımına həsr olunan şeirlər söyləyiblər.
Gununsesi.info