Zaqatalada dünən axşam baş verən 6 bal gücündə zəlzələ ilə əlaqədar fövqaladə hallar naziri Kəmaləddin Heydərov əraziyə gedib.
Nazirlə bərabər Zaqatalaya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli və əməkdaşları da yollanıb.
Gununsesi.info xəbər verir ki, “Real” TV-yə danışan Qurban Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq.
Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib. Zaqatala İcra Hakimiyyətindən verilən məlumatra görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus tikililərdə və yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib. Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.
Qax şəhəri İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ baş verən an qaçmaq istəyən zaman yıxılaraq ayağı sınıb. Gülər Durmuşzadə Qax MRX-a yerləşdirlib.
Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.