Kənar qutuya gələn mesajlar -LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 18 Yanvar 2017 10:15

leman

Facebookdakı kənar qutu həmişə diqqətimdən kənar qalır. Bəlkə də bu səbəbdəndir ki, bu gün 53 dəqiqəmi ora gələn mesajları oxumağa həsr elədim. Lazım olanları cavablandırdım, olmaynları silib atdım. Bu gün həm də belə bir qərara gəldim ki, sizi kənar qutudan kənar saxlamayım,həftədə bir dəfə sandığı açıb, pambığı töküm. Necə olmasa, hər ağızdan bir avaz gəlir. Bəlkə dodağınız qaçdı, bəlkə düşünməli oldunuz, bəlkə kənar qutudan oxuduğunuz bir mesaj sizi axtarışlara, araşdırmalara sövq etdi. Nə bilmək olar? Beləliklə, kənar qutuya yaxın oturun. Mesajlara keçməzdən qabaq onu deyim ki, bu qutuya ən çox Türkiyəli qardaşlar yazır. Bəlkə də mənim dostluğumda nümunə üçün bircə nəfər də olsun türk arkadaşımızın olmaması buna görədir. Adama nə qədər slm (salam), mrb (mərhəba) yazmaq olar, nə qədər gül göndərmək olar? Hələ evlilik təklifləri?! Başa düşürəm ki, azərbaycanlı xanımlara simpatiyaları var,- mənim tanıdığım jurnalist qızların çoxu, hansı ki, öz oğlanlarımız alıb ağ günə çıxartmadı, hamısı türkə ərə gedib, “evil, mutlu, cocuqlu” yaşayırlar,- amma bu əsas vermir ki, tanımadığın birinə “benimlə evlenirmisin?” yazıb əsəblərini pozasan? Amma bir də elə mesajlara rast gəlirsən ki, onda türk arkadaşların nəyin peşində olduğu tamam-kamal anlaşılır. Məsələn, Adem Gök adlı biri mənə bir azərbaycanlı xanımdan yazıb. Deyir məni dolandırdı, evlənəcəm deyərək paralarımı çaldı, sonra da aradan kayb oldu. O xanıma qarşı daha ciddi ittihamları burda yazmıram, Adem Gökə və onun kimi yüzlərlə türk arkadaşa cavab yazmadığım kimi.Bu belə.

Kənar qutuya bir də kimliyini başqa ad altında gizlədənlər yazır. Məsələn, Başsız atlı. Düşünürsən ki, əcəba, başı olan adam nədən özünü Başsız atlı adlandırsın ki? Ətrafa normal profildən baxmaq , məsələlərə öz vətəndaş mövqeyindən yanaşmaq bu qədərmi çətindir? Hər halda, mən belələrini Mayn Ridin başsız qəhrəmanından – Henri Poindeksterdən daha çox öz qını altında gizlənmiş digər qəhrəmanına-Kassi Kolxauna bənzədirəm. Və belələrindən düzü qorxuram. Qan Ağlayan Sevgimiz, Svabodnıy Çelovek və s profilli birilərinin mənim dostluğuma düşmək niyyətindən də həmçinin. Amma daha çox qorxduğum mesaj bir xalq şairimizlə bağlı mesaj oldu. Adını yazmayacam, ona görə ki, bu şerin ona aid olduğunu sübut etmək üçün əlimdə heç bir əsasım yoxdur. Amma stil, tərz həm də bu şerin müəllifinin məhz o şair ola biləcəyi ehtimalını artırır. Şeir aydın məsələdir ki, müstəqil cümhuriyyət devriləndən sonra, sovet hakimiyyətinin qızğın təbliğat illərində qələmə alınıb. Şeirdə cümhuriyyətin qurucusu təhqir edilir, Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” fikrinə ironiya ilə yanaşılır, o və qurduğu dövlət açıq-aydın məsxərəyə qoyulur.

Mənasını itirmişdir köhnə, çürük sözləriniz

O üçrəngli bayrağısa görməyəcək gözləriniz

Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür!

Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.

“Erginə qon, boz qurd” kimi əfsanələr sizin olsun

İstanbulda qab yalayan divanələr sizin olsun

Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər

Siz hey hürün, nə eybi var? “İt hürsə də karvan keçər?”

Açığı bu mesaj bizi həvəsləndirir ki, milli arxivlərimizə baş vuraq. Çünki tarix də bizimdir,ədəbiyyat da. Tariximizə də sahib çıxmalıyıq, ədəbiyyatımıza da. Bəlkə hər şey necə var elə də qalsın? 70 il sovet dövründə olduğu kimi? Yoxsa adamları artıq öz adı ilə çağırmağın vaxtı gəlib çatıb? Nə düşünürsən, ay mənim hər şeyə biganə millətim? Axı bu sənin şanlı keçmişindir. Nə olsun mesajı gəlib kənar qutuya düşüb?

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info