2017-ci ildə pambıq yığımının başa çatdığını demək olar. Rəsmi qurumlar 2017-ci ildə hər hektardan əvvəlcə 40 sentner məhsul əldə olunacağını, sonra isə 30 sentnerə çatdırılacağını demişdi.
“Çox təəssüflər olsun ki, məhsuldarlıq hər hektardan nə 40 sentner oldu, nə də ki, 30, deyiləndən 2 dəfə az, yəni 15,1 sentner oldu”.
Gununsesi.info xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə 136,4 min hektar pambıq sahəsindən 206,4 min ton pambıq əldə olunub: “Artıq qeyd etmək olar ki, 2016-cı illə müqayisədə 2017-ci ildə hər hektardan 220 kiloqram az pambıq istehsal olunub. Baxmayaraq ki, 2016-cı ilin istehsal göstəricisi son 5 ilin ən aşağı göstəricisi idi. Misal üçün, 2012-ci ildə hər hektardan 19,5 sentner, yəni indikindən 4,4 sentner artıq məhsul əldə olunmuşdur”.
V.Məhərəmov əlavə edir ki, 2017-ci ildə məhsulun az, alış qiymətinin ucuz olması on minlərlə kəndlilərin müflis olmasına səbəb olub: “Bu il pambığın becərmə xərci ümumi ölkə üzrə hər hektar üçün 830 manat təşkil edib. Bunu nəzərə alsaq, çəkilən xərcin ödənilməsi üçün fermer, kəndli emal müəssisəsinə hektardan 1 ton 660 kiloqram məhsul təhvil verilməli idi. Lakin bu qədər məhsul əldə etmək mümkün olmayıb. Orta hesabla hər hektardan 1 ton 510 kiloqram pambıq yığılıb. Çatışmayan fərq 150 kiloqram pambıq və yaxud nağd pul ekvivalentində 75 manat təşkil edib. Beləliklə, fermerlər, kəndlilər orta hesabla hər hektardan 75 manat zərərə məruz qalıblar. Bu da ümumi ölkə üzrə 10 milyon manatdan çoxdur. Samux, Ucar, Neftçala, İmişli, Hacıqabul və sair rayonlarda isə hektardan məhsuldarlıq 10 sentnerdən də aşağı olub. Bu o deməkdir ki, həmin rayonlarda müflis olan kəndlilərin sayı daha çoxdur”.
Mütəxəssis hesab edir ki, kəndlilərə dəyən ziyanı pambıq ixracından milyonlarla dollar gəlir əldə edən oliqarx məmurlar öz hesablarına kompensasiya etməlidir: “Ona görə ki, Azərbaycanda yüksək keyfiyyətli pambığın 1 kiloqramının alış qiyməti çox aşağıdır. Qonşu İranda və Türkiyədə pambığın alış qiyməti Azərbaycandakından 3 dəfə, Qazaxıstanda isə 70 faiz bahadır”.
Vüsalə
Gununsesi.info