Kərim Urmulu Danimarkada dəfn olundu

Danimarkada Azərbaycan diasporunun formalaşmasında böyük xidmətlər göstərmiş Azərbaycan Mədəniyyət Ocağının sədri Kərim Urmulu vəfat edib. O, Arhus şəhərində dəfn olunub.

Bu barədə Publika.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Kərim Urmulunun cənazəsi Azərbaycan bayrağına bükülüb. Dəfndə Skandinaviya Türk Federasiyası, İraq Türkman Cəmiyyəti, Güney Azərbaycan İnsan Haqları Təşkilatının fəalları, soydaşlarımız iştirak ediblər. Dəfn mərasimində Skandinaviya Türk Federasiyasının başqanı İlhan Esen, Danimarka parlamentinin sabiq deputatı, Arhus şəhər bələdiyyə məclisinin üzvü Hüseyin Arac, Güney Azərbaycan İnsan Haqları Təşkilatının sədri Şahin Ustaclı mərhumun Azərbaycan və türk dünyası üçün gördüyü işlərdən danışıblar. Onun Azərbaycan diasporunun inkişafında xidmətlərini xüsusi dəyərləndiriblər” – E.Eltürk deyib.

Qeyd edək ki, Kərim Urmulu 1986-cı ildən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağına rəhbərlik edirdi. Danimarkada Azərbaycan diasporunun təşkilatlanmasında, soydaşlarımızın birliyinin yaranmasında əvəzsiz xidmətləri olub. Mərhum Danimarkada Qarabağ həqiqətlərinin, Ermənistanın təcavüzkar siyasətinin çatdırılmasında böyük işlər görüb.

Onun Azərbaycan dəyərlərinin qorunub saxlanmasında və təbliğində də fəaliyyəti güclü olub. Ocaqda dil kurslarını təşkil edib. 1996-cı ildən Danimarkanın ikinci böyük şəhəri sayılan Arhus və ətraf şəhərlərdə həftədə iki saat canlı olaraq Azərbaycan dilində yayımlanan “BizimRadio” adında veriliş aparıb.1999-cu ildə isə Azərbaycan dilində və altyazıları Danimarka dilində bir il müddətinə həftədə 5 dəqiqəlik televiziya verilişləri hazırlayaraq yayımlayıb. O, Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlərin təşkilatçısı olub. Kərim Urmulu əslən Güney Azərbaycandandır. 2006-cı ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olub.

Gununsesi.info