İsrail ordusu oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının mümkün hücumu ilə bağlı kəşfiyyat siqnalları alıb, lakin kəşfiyyat orqanlarından konkret məlumat olmayıb.
Gununsesi.info xəbər verir ki, bunu İsrail ordusunun rəsmisi Daniel Həcəri insident qarşısında gücsüzlükdə təhlükəsizlik qüvvələrinə qarşı ittihamları şərh edərkən deyib.
Onun sözlərinə görə, “müəyyən hazırlıq” barədə siqnallar hücumdan bir neçə saat əvvəl yaranıb.
Həcəri əlavə edib ki, Fələstin silahlı qruplarının qəfil hücumunun bütün şərtləri ilə bağlı hərtərəfli araşdırma aparılacaq.
Bu arada İsrail ordusu ötən gecə Qəzza zolağının Rəfah şəhərində İzzəddin əl-Qəssam briqadalarının dəniz qüvvələrinin rəhbərlərindən birinin zərərsizləşdirildiyi açıqlayıb.
Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
Medianın İsrail rəsmilərinə istinadən verdiyi məlumata görə, son hücumlar nəticəsində azı 1200 israilli ölüb, 2600-dən çoxu yaralanıb.
Bu arada Fələstin Səhiyyə Nazirliyi 1200 nəfərin Qəzza zolağında İsrail hücumlarının qurbanı olduğunu, daha 5 min fələstinlinin isə yaralandığını bildirib.
Qeyd olunur ki, İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilinə hücumları nəticəsində 21 nəfər ölüb, 130 nəfər yaralanıb.
Bundan başqa, 8 jurnalist İsrailin Qəzzaya endirdiyi zərbələrin qurbanı olub.
Səid Əhmədli
Gununsesi.info