“Kəlbəcər açıq səma altında əsrlər boyu fəaliyyət göstərən bir muzeydir” - CƏMİL HƏSƏNLİ KƏLBƏCƏRDƏN YAZDI

  • By admin
  • 15 Noyabr 2020 15:03

Noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanata görə bu gün Kəlbəcər 27 il 7 ay 13 günlük işğaldan azad olub Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə verilir.

Azərbaycan Ordusunun vətən uğrunda savaşının nəticəsi kimi azad olunur Kəlbəcər. Bu qədim yurd 1993-cü ilin mart ayının sonu aprel ayının ilk günlərində işğal olunmuşdu. Həmin mənzərə indi də mənim gözlərimin qarşısındadır.

Rəsmi məlumata görə 60 minə yaxın əhali evlərini, var-yoxunu, mal-qarasını, təsərrüfatını, bütün varidatını qoyub təcili şəkildə rayonu tərk etmiş, deportasiya edilmişdi. Çoxları yalnız əynindəki paltarla Kəlbəcərdən çıxa bilmişdi. Ağır mənzərə idi. Bütün ölkə şokda idi.

Kəlbəcərin işğalı ilə bağlı həmin həyəcanlı günlər bir əhvalatı yadıma saldı. 1993-cü ildə “Azərnəşr”də 10 min tirajla “Azərbaycan respublikası beynəlxalq münasibətlər sistemində, 1918-1920” kitabım nəşr olunmuşdu. O zaman hələ nəşriyyatlar çap etdikləri kitablara yaxşı qonorar verirdilər. Kəlbəcərin işğalından bir neçə gün sonra “Azərnəşr”dən zəng etmişdilər ki, gəlib qonorarımı alım. Həmin vaxt əslən Kəlbəcərdən olan Milli Məclisin deputatı Əlövsət Ağalarov nəşriyyatın baş redaktoru vəzifəsində çalışırdı. Nəşriyyata gedib həmin kitabın qonorarının tam olaraq Kəlbəcər köçkünlərinin yardım fonduna keçirilməsi haqqında ərizə yazdım. Bilmirəm bəlkə də, ev-eşiyini qoyub öz yurdundan köçkün düşmüş insanların ağır sosial ehtiyacları baxımından bu damla həmin vaxt nəyəsə yarayıb. Amma etiraf edilməlidirr ki, 100 illər boyu məğrur həyat yaşamış insanlar üçün öz yurd-yuvasını tərk etməsi faciəli sosial böhran yaratmışdı. Kəlbəcərlilər uzun müddət mənəvi baxımdan köçkün həyat tərzinə öyrənə bilmədilər.

Ərazi baxımından Kəlbəcər Azərbaycanın ən böyük rayonudur. Onun ərazisi 3050 kv.km-dir. Eyni zamanda respublikanın ən yüksək dağ rayonu kimi Kəlbəcər ölkənin ən qədim insan mərkəzlərindən biridir. Burada daş dövrü əmək alətləri, tunc dövrü bəzək əşyaları və silahlar, islama qədər abidələr, Alban kilsəsi kompleksləri, Qobustanda olduğu kimi ov və oyun səhnələrini özündə əks etdirən qayaüstü kompozisiyalar, qədim insan məskəni olan mağaralar, keşikçi qayalar, öz qədimliyi ilə seçilən toponimika nümunələri və digər təkrarsız abidələr vardır. Kəlbəcər sözün tam mənasında açıq səma altında əsrlər boyu fəaliyyət göstərən bir muzeydir. Zəngin təbii ehtiyatları var Kəlbəcərin, torpağı da qızıldandır bu qədim yurdun. Yüksək dağ silsiləsi arasında qızıl mədənləri, civə və xrom yataqları, mineral maddələrlə zəngin olan çayları və gölləri, min bir dərdin dərmanı olan İstisu yaylaqları.

Kəlbəcər Ağdabanlı Aşıq Şəmşirin yurdudur. Bu yurdun bütün mənəvi dünyası onun qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərindən keçir. Aşıq Şəmşir Dəlidağdan keçəndə bu yurdun bəxtəvər günləri vardı. İndi həmin günlər yenidən qayıdır. Vaxtı ilə Kəlbəcərdə ən zəngin Tarix-diyarşünasliq muzeyi fəaliyyət göstərirdi. Onu tanınmış maarifçi və ziyalı Şamil Əsgərov yaratmışdı. Kəlbəcərin bir-birindən zəngin olan bənzərsiz maddi və mənəvi mədəniyyət nümunələri bu muzeyə toplanmışdı. Kənd-kənd, oba-oba, ev-ev dolanaraq bu nümunələri toplamışdı Şamil müəllim. Eyni zamanda o, bu dağ rayonunda ən zəngin kitabxana yaratmışdı. Dəlidağ ləqəbi ilə maraqlı şer kitabları və publisistik əsərləri vardı Şamil Əsgərovun. Azərbaycan dili və ədəbiyyatı ilə bağlı maraqlı tədqiqatları vardı Şamil Dəlidağın. Onun “Azərbaycan dilinin cinas lüğəti”, Azərbaycan dilinin qafiyə lüğəti”, “Törəmə sözlər lüğəti”, “Mənzum frazeologiya lüğəti” öz elmi yeniliyi ilə seçilirdi.

Bu gün Kəlbəcərin işğaldan azad olunma tarixi tamam olur. El öz yurduna dönür. Bu uzun ayrılıq illərində çoxlarının qəlbi Kəlbəcərin dağı-daşı üçün sızlayıb. Rayonun mədəniyyətinə, toponimikasına, təbiətinə, təbi zənginliyinə sağalmaz yara vurmuş düşmən Kəlbəcəri boşaldır. Və tarixi ədalətin bu qutsal bərpası günündə də düşmən öz dağıdıcı, yırtıcı təbiətindən əl çəkmir. Ələ gələn nə varsa daşıyır, daşıya bilmədiyin məhv edir, Kəlbəcəri, məhəllə-məhəllə, kənd-kənd, ev-ev yandırıb-yaxıb çıxırlar. Kəlbəcər tərk ediləndə əhali qurulu evlərini qoyub çıxmışdı. İndi 27 il oturduqları həmin qurulu evləri ermənilər talan edir, talan edə bilmədiklırini də yırtıcı təbiətlərinə uyğun olaraq yağmalayırlar və özlərini də utanıb-qızarmadan qədim mədəniyyətin “varisləri” hesab edirlər.

Düşmən son edə biləcək murdarlıqları, ziyankarlığı edir. Amma onun etdiyi bütün yaramazlıqlardan asılı olmayaraq Kəlbəcər 27 illik ayrılıqdan sonra azad olur. Bütün millətimizin gözü aydın olsun. Kəlbəcər həsrəti, dərdi, dağı xalqımızın yaddaşında el şairi Bəhmən Vətənoğlunun “Qaldı ürəyimdə dağı dağların” misrasından keçirdi. Bu gün o dağın dağlara qovuşan günüdür, Kəlbəcər uğrunda, Murovda şəhid olmuş vətən oğullarının ruhlarının rahatlıq tapdığı gündür. Heç unutmuram, Xalq Yazıçısı Sabir Əhmədlinin oğlu Məhəmməd Əhmədov 1994-cü il fevral ayının 12-də öz ad günündə Murovda şəhid olmuşdu. Sabir müəllim sağlığında hər il həmin gün Məhəmmədin anım gününü keçirirdi, bu həm də Kəlbəcərin anım günü idi.

Kəlbəcərdən saysız-hesabsız dostlarım var. Bu mübarək gün münasibəti ilə onların hamısını, bütün xalqımızı, millətimizi təbrik edirəm. Biz yenidən öz yurdumuza dönürük! Azərbaycan əsgəri düşmənə elə dərs verdi ki, həm də birdəfəlik dönürük.

Cəmil Həsənli

tarix elmləri doktoru, professor