Kəlbəcər, Laçın və Ağdam döyüş aparılmadan Azərbaycana qaytarılmalıdır - NAQİF HƏMZƏYEV

  • By admin
  • 16 Noyabr 2020 17:57

Noyabrın 10-u əldə olan razılığa əsasən, işğal olunan torpaqlarımızı boşaltmalı olan ermənilər ərazilərimizdə ekoloji terror törədir. Belə ki, onlar Kəlbəcərdə evləri yandırmaqla yanaşı, meşə massivini də sıradan çıxarır. Artıq Ombudsman Səbinə Əliyeva tərəfindən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edilib.

Maraqlıdır, Azərbaycanın müharibə dövründə dəymiş zərərlə bağlı qaldıracağı kompensasiya məsələsinə Kəlbəcərə vurulan ziyan da əlavə edilə bilər?

Gununsesi.info bildirir ki, bu barədə Yenisabah.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev bildirib ki, Kəlbəcər həm ərazisinə, həm oradakı xüsusi yataqlara görə iqtisadi baxımdan vacib rayonlarımızdandır:

“44 günlük müharibədən sonra əldə olunan razılığa əsasən, Kəlbəcər, Laçın və Ağdam döyüş aparılmadan Azərbaycana qaytarılmalıdır. Biz bunun baş tutmasını dünən gözləyirdik, lakin erməni və Rusiyanın xahişi ilə müddəti 10 gün də uzatdıq. Ayın 10-dan bu günədək biz ermənilərin növbəti dəfə öz vandallıqlarını nümayiş etdirdiklərini görürük.

Onlar evləri yandırmaqla yanaşı bizim tarixi mədəniyyət abidələrimizi, həmçinin orada olan meşə massivini tamamilə məhv edirlər. Hətta qapıda olan ağacları belə kəsib Ermənistana aparırlar. Rus sülhməramlıların müdaxiləsindən sonra bəzi kilsələrin zəngləri yerinə qaytarıldı. Ancaq biz bilirik ki, orada olan digər tarixi əhəmiyyət kəsb edən abidələrin bir hissəsini artıq Ermənistana daşıyıblar”.

Millət vəkili vurğulayıb ki, ən çox narahatlıq doğuran məqamlardan biri meşə massivinin ermənilər tərəfindən məhv edilməsidir:

“Çünki Kəlbəcər təbiəti ilə seçilən ərazilərdəndir, ora canlı təbiət muzeyidir. Düşünürəm ki, oradakı evləri biz yenidən tikə, hansısa infrastruktur layihələri yenidən bərpa edə bilərik, amma təbiəti bərpa etmək uzun illər alacaq. Hazırda Azərbaycan aidiyyəti qurumlar tərəfindən həm 44 günlük müharibə dönəmində, həm də ondan əvvəl Azərbaycan ərazilərinə dəymiş ziyan hesablanır, lazımi təşkilatlara təbii ki, bu barədə müraciətlər olunacaq və kompensasiya tələb ediləcək”.

Həmsöhbətimiz qeyd edib ki, son dövrdə baş verən hadisələrlə bağlı videogörüntülər var, onların təbiətimizə vurduqları ziyanı bununla sübut edərək rahat şəkildə kompensasiya tələb edə bilərik:

“Bizim Kəlbəcərdəki qızıl və digər yataqlarımız istismar olunub. Məndə olan məlumata görə, oradakı isti su şüşə qablara doldurularaq başqa adla satılıb. Düzdü, biz bu barədə indi nəsə tələb etməsək də, ən azı onu həyata keçirən şirkətə qarşı da müəyyən iddialar qaldırmaq olar. İstənilən halda hüquqi müstəvidə biz  öz işlərimizi aparmalıyıq. Artıq noyabrın 25-i Kəlbəcər tamamilə Azərbaycana veriləcək və ordumuz orada yerləşdiriləcək, onda biz dəymiş ziyanın həcmini daha dəqiq biləcəyik. Buna uyğun da tələblərimizi irəli sürəcəyik”.

Gununsesi.info