Kəlbəcərin azad olunması ilə oraya həyat yenidən qayıdıb - ŞƏRH

  • By admin
  • 25 Noyabr 2021 16:40

“Kəlbəcər öz ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Bu rayon həm də Azərbaycanın təbii sərvətləri ilə zəngin olan ərazilərindən biridir. Kəlbəcərin yeraltı və yerüstü sərvətləri işğal dövründə Ermənistan tərəfindən talan edilib”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Kəlbəcərin işğaldan azad olunması ilə oraya həyat yenidən qayıdıb: “Ermənilər tərəfindən həmin ərazidə yerləşən palıd meşələri məhv edilib. Buna baxmayaraq Azərbaycan Dövləti Kəlbəcərə ayırdığı maaliyə hesabına buranı yenidən bərpa edir. Ermənistan tərəfindən məhv edilmiş meşə zolaqları yaxın zamanda bərpa olunacaq və bu ərazinin Cənubi Qafqazın ağciyəri kimi formalaşmasına təkan verəcək”.

Q.Hüseynli vurğulayıb ki, Kəlbəcər rayonu təbii sərvətlərlə zəngindir ki, bu da Azərbaycan iqtisadiyyatının daha da inkişafına təkan verəcək: “Kəlbəcər ərazisində Tərtər və Qarqar çay kimi böyük su mənbələri yerləşir. Bu çaylar suvarma və içməli su mənbəyi olaraq böyük əhəmiyyət daşıyır. Azərbaycan Ordusu Ali Baş Komandanın başçılığı ilə bir güllə atmadan Kəlbəcər rayonunu işğaldan azad edib. Bu hadisə elə bir zamanda baş verdi ki, artıq həmin ərazilərə qar yağmağa başlamışdı və döyüş əməliyyatları üçün çətin bir vəziyyət yaranmışdı. Üçtərəfli razılaşmaya görə, məğlub olmuş Ermənistan Ağdam, Kəlbəcər, Laçını tərk etməyi qəbul etdi. Azərbaycanın ən böyük qızıl yataqları Kəlbəcər rayonunun ərazisində yerləşir. Alunit və civə yataqlarıda bu rayonda yerləşir. Kəlbəcərin ən böyük sərvəti onun şəfa ocağı olan İstisuyudur. İstisu Kəlbəcərin özündə yerləşir, ancaq Zülfüqarlı kəndində ikinci yatağı da mövcuddur. Ermənistan işğal dövründə bu suyu qablaşdıraraq Gorus suyu adında xaricə göndərirdi. SSRİ dövründə İstisu ölkənin hər bir yerinə paylanırdı. Bu mineral suyun insan orqanizmi üçün şəfaverici əhəmiyyəti var. Əvvəl İstisunun üzərində böyük sanatoriya mövcud idi, yaxın gəcələkdə isə daha mötəşəmi Kəlbəcərdə tikiləcək. Kəlbəcər dünyanın ən çox turist cəlb edən yerlərindən biri olacaq. Buna görə də Prezident İlham Əliyev Laçında, Kəlbəcərə yaxın olan bir ərazidə Beynəlxalq Hava Limanının tikilməsi üçün göstəriş verib. Kəlbəcər artıq əsl sahiblərinə geri qayıdıb və bundan sonra da inkişaf edəcək”.

Gununsesi.info