Kəramət Böyükçöldən Hikmət Mirzəyevə doğum günü təbriki -FOTO

General Hikmət Mirzəyevin doğum günüdür.

Yadınızdadırsa, müharibədən sonra parad keçirildi. Hikmət Mirzəyevin o paraddakı məğrur, eyni zamanda əsəbi, gərgin simasında nələr vardı, Allah, nələr! O, əvvəldən axıra kimi döyüşlərin içində olmuş, bütün dəhşətlərə öz gözləri ilə baxmış, nə qədər satqınlıq, nə qədər xəyanət görmüşdü. Bizim düşündüklərimiz, narahatlığımız, həyəcanımız, təlaşımız isə sanki onun çöhrəsinə çökmüşdü.

Biz çox adamlara güvənmişik, cənab general, çox adamları sevmişik. Təəssüf ki, sevdiklərimizin bir çoxunu zaman-zaman bir az öz naqisliyi, bir az da üstünə qoyub bizim gözümüzdən salmağı bacarıblar. Sanki qəsdən imkan yaradıblar ki, qoy sevdiyimizi daha çox, daha şiddətlə sevək. Əvvəlcə sevməyimiz üçün münbit şərait də yaradırlar ki, o adamla birlikdə vətənimizi, dövlətimizi də sevək. Bunu bir çox hallarda onun üçün edirlər ki, günün birində o adamın əsl kimliyini bizə göstərsinlər, bununla vətən sevgisi də, dövlət sevgisi də hamının gözündən düşsün. Adamlar daha kimisə sevməyə qorxsunlar. Bizi belə yorublar. Bizlə belə oynayıblar. Bizi belə əldən salıblar, cənab general. Bizi elə bir günə qoyublar ki, adamları qorxa-qorxa sevirik. Çünki ən səmimi hisslərimizi, ən səmimi duyğularımızı istismar ediblər deyə pərt olmaqdan qorxuruq. Adam nə qədər pərt olar? Necə ki, cümlələrində vətən, dövlət sözlərini böyük hərflərlə yazan riyakar adamlarla eyni cərgədə görünməmək üçün mən indi o sözləri böyük hərflərlə yaza bilmirəm. Ancaq danışanda o sözlərdəki bütün hərfləri böyük deyirəm. Çünki o hərflərin hamısı mənim ürəyimdə, qəlbimdə böyük yazılıb.

Cənab general, Siz müharibədən sonra şəhid balaları ilə görüşəndə, onların boynunu qucaqlayanda gözləriniz necə dolmuşdusa, mən də bu yazını yaza-yaza o hissləri keçirirəm, gözlərim dolur. Qürur duyuram ki, ölkəmin belə mərd, cəsur, peşəkar, qalib, eyni zamanda insani hisslərini itirməyən generalı var.

İçimdə vətən sevgisi var, cənab general. İçimdə dövlət sevgisi var. Amma bilmirəm o sevgini üzümü kimə tutub ifadə edim. Cəmiyyətimizdə bütün insani hisslərin içini boşaldıblar deyə lam qalmışam. İçimizdəki ən səmimi duyğuları ünvanlaya biləcəyimiz bir general olduğunuz üçün Sizə təşəkkür edirəm.

Doğum gününüz mübarək olsun.

Kəramət Böyükçöl
Gununsesi.info