Kərim Vəliyev müharibədə Polad Həşimovun qisasını necə aldı?

  • By admin
  • 02 Yanvar 2022 14:26

General Polad Həşimovun şəhid xəbərini verəndə general Kərim Vəliyevin səsinin titrəməsini və qəzəbini hər kəs yaxşı xatırlayır. Çünki o, təkcə generalın yox, həm də yaxın dostunun, yetirməsinin şəhid xəbərini verirdi. Bu, hər bir şərəfli zabitin həyatında ən ağır anlardandır.

Vətən müharibəsinin iştirakçısı və müharibədən sonra Baş Qərargah rəisi təyin olunan, əslində döyüşlərin getdiyi zaman da faktiki bu vəzifəni icra edən Kərim Vəliyevlə general Polad Həşimovun yaxın dostluğu və Həşimovun karyera pilləsində irəliləməsində birincinin oynadığı rol hərbi cameədə məlum məsələdir. Hər iki generalı birləşdirən dəyərlər var idi:

– Uzun illərə dayanan dostluq əlaqələri;
– Sadə, peşəkar hərbçi həyatı və var-dövlətə meylli olmamaları;
– Polad Həşimovun Kərim Vəliyevin yetirməsi olması;

Təsadüfi deyil ki, Polad Həşimov şəhid olanda bütün xalq kədər içində idi. Və təsadüfi deyil ki, Kərim Vəliyev Baş Qərargah rəisi təyin olunanda hər kəs bunu böyük sevinclə qarşıladı. Bu, hər iki generalın qazandığı hörmətdən qaynaqlanırdı.

Polad Həşimovun anasının son çıxışı, ən əsası da bu çıxış ətrafında manipulyasiyaların edilməsi Vəliyev-Həşimov dostluğuna və Kərim Vəliyevin ordudakı xidmətinə nəzərə yetirməyə zərurət yaradır.

Kərim Vəliyev orduda ən intizamlı, peşəkar, vətənpərvər və təvazökarlığı ilə seçilən yüksək rütbəli zabitlərdən biridir. Kərim Vəliyevi uzun illər tanıyanlar onu layiqli insan kimi xarakterizə edirlər. Vətən müharibəsi Kərim Vəliyevin necə bir zabit olduğunu açıq şəkildə göstərdi: general döyüşlərin ən qaynaq nöqtələrində oldu, vəzifə borcunu ləyaqətlə, şərəflə yerinə yetirdi, həm bir zabit kimi döyüşdü, həm də döyüşən orduya ruh yüksəkliyi verdi; generalı döyüşən ordu qalib ordu olur və Kərim Vəliyev də Vətən müharibəsi tarixinə döyüşən general kimi düşdü; məhz xidmətlərinə, vəzifəsini şərəflə icra etdiyinə görə müharibədən sonra Baş Qərargah rəisi təyin edildi;

Və indi qalib Azərbaycan Ordusunun döyüşən generalının, Baş Qərargah rəisinin ittihamlara tuş gəlməsi ədalətli deyil və buna yalnız və yalnız düşmən sevinə bilər.

Şəhid generalımız Polad Həşimovun anasının acısını hər kəs anlayır, çünki bu acı tək onun yox, bütün xalqın acısıdır və Azərbaycan xalqı öz şəhidlərini həmişə uca tutub, onların qəhrəmanlığı ilə fəxr edib. Şəhid anası xalqımızın anlayışında müqəddəs bir varlıqdır, hər bir insan onların qarşısında baş əyməyi öz mənəvi borcu hesab edir. Bunu Polad Həşimov şəhid olanda da bu xalq nümayiş etdirdi, Vətən müharibəsində də. Və nümayiş etdirməyə də davam edir, edəcək də. Polad Həşimovun anası da hər birimizin anasıdır. Oğlunun vəfatından sonra bu yaşlı ananın davranışı, sərgilədiyi mövqe əsl Azərbaycan qadınının, ananın nümunəsi oldu. Xalq bunu da heç vaxt unutmayacaq və şəhidlərimizin ruhu əziz olduğu kimi, onların geridə qoyduqları doğmaları da həmişə əzizdir.

İndi Polad Həşimovun anasının son çıxışı da oğlunu itirmiş ananın bu acıya dözməməsi, bununla barışa bilməməsi, daxilində “niyə belə oldu” sualına cavab tapa bilməməsi, məhz buna görə başqa səbəblər axtarmasından irəli gəlir. Burada əsas məqam bir ananın kədərindən, acısından sui-istifadə edilməsi, əsasız ittihamların vasitəçisinə çevrilməsidir. Görünür, kimlərsə bu məsələdə maraqlıdır.

Lakin ananın dediklərinin heç bir əsası olmadığı da deyilməlidir. Kərim Vəliyevin nə dostuna, nə də Azərbaycan ordusuna xələl gətirəcək əmələ yol verməzdi. Bunu həm Kərim Vəliyevi tanıyanlar təsdiqləyir, həm də generalın müharibədə göstərdiyi qəhrəmanlıqlar, müharibədən sonra məhz bu xidmətlərinə görə Baş Qərargah vəzifəsinə təyin edilməsi də deməyə əsas verir.

Belə məsələləri müzakirəyə çıxaranların məqsədi də qaranlıqdır. Bu, ən azından ordumuza, müqəddəs qələbəmizdə misilsiz rolu olan əsgər və zabitlərimizə, şəhidlərimizin ruhuna hörmətsizlikdir. Və reallıqdır ki, belə hallara görə ancaq düşmən sevinə bilər.

Gəlin düşməni sevindirməyək, qalib orduya xələl gətirə biləcək müzakirələrdən çəkinək. Polad Həşimov Azərbaycan Ordusunun şəhid generalıdır, onun qatilləri Ermənistandadır və 44 günlük Vətən müharibəsində Kərim Vəliyevin də iştirak etdiyi döyüşlərdə Ordumuz şəhid generalımızın, eləcə də bütün şəhidlərimizin qisasını aldı. İndi bu kimi məsələlər müzakirə mövzusu belə ola bilməz.

Gununsesi.info