Kamal Abdullanın məhkəməsində dava düşdü - VƏKİLLƏ ƏVƏZ ZEYNALLI SÖYÜŞDÜ

  • By admin
  • 02 Avqust 2019 16:03

 

Bu gün  Dövlət Dillər Universitetinin rektoru Kamal Abdullanın bu təhsil ocağının üç nəfər indiki və keçmiş işçilərinə, eləcə də “Xural” qəzetinin rəhbəri Əvəz Zeynallıya qarşı iddiası üzrə məhkəmə başlayıb.

Gununsesi.org xatırladır ki, Kamal Abdulla iddia ərizəsində “xural.com” saytında yayımlanan yazılarda onun şərəf və ləyaqətinə zərbə vurulduğunu yazıb.

Həmin yazılar universitetdə işdən çıxarılan və ya başqa formada cəzalandırılan şəxslərin (Vüsalə Ağabəyli, Pərvin Mürsəlova və Elmira Baxşəliyeva) Təhsil Nazirliyinə, vise-prezidentə şikayət məktubları, müsahibələri əsasında hazırlanıb. Kamal Abdulla Əvəz Zeynallıdan 10 min, Vüsalə Ağabəylidən 5 min, Pərvin Mürsəlova və Elmira Baxşəliyevanın hər birindən isə 3 min manat təzminat, onların üzr istəməsini, yayılan məlumatların həqiqətə uyğun olmaması barədə təkzib verilməsini tələb edir.

Avqustun 1-də Binəqədi Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında cavabdehlərdən Əvəz Zeynallı və Elmira Baxşəliyeva bu işə həmin məhkəmədə baxılmasına etiraz edib.

Kamal Abdullanın  nümayəndəsi kimi vəkil Muxtar Mustafayev iştirak etdiyi prosesdə qarşı tərəf bildirib ki, hakim rektora yaxın şəxs olduğundan işə o baxa bilməz.

Əvəz Zeynallı məhkəmənin hazırlıq iclasının təxirə salınmasını istəyib:

“Cavabdehlərdən Vüsalə Ağabəyli səhhətindəki problemlərlə əlaqədar ölkədə yoxdur, məhkəmədə iştirak etmir. Həm də biz heç əvvəlki iddia ərizəsini almamışdıq, indi yenilərini də verdi. Üçü birlikdə 60 səhifəyə yaxındır, biz tanış olmalıyıq”.

Hazırlıq iclasının təxirə salınması məsələsi müzakirə olunanda vəkil Muxtar Mustafayevin “gözləyin, quzu balası kimi təkzib verəcəksiniz” deməsindən sonra prosesdə qalmaqal düşüb.

Əvəz Zeynallı ona məhkəmə qərarı olmadan əminliklə danışmasını irad tutub. Muxtar Mustafayev və Əvəz Zeynallı bir-birinin ünvanına təhqiramiz ifadələr işlədiblər.

Vəziyyətin əlbəyaxa dava həddinə çatdığını görən hakim Emin Əliyev Muxtar Mustafayevi məhkəmə zalından çıxarıb.

Gununsesi.org