“Kamil Vəliyev” adını sovetlərin çöküşü ərəfəsində “Elin yaddaşı, dilin yaddaşı” kitabından tanımışdım.
Kitab Kəlbəcərdə evimizdə vardı. Sadə, el dilində yazılmış, Azərbaycan-Türk mifologiyası, folkloru haqda dəyərli əsər idi. İnanclar, dualar, bəddualar, türkəçarələr, nağıllar, bayatılar və daha nələr…
Uşaq marağı ilə dəfələrlə oxumuşdum. Yenə həmin dövrlərdə – 80-lərin sonuna doğru Azərbaycan televiziyasında indi adını xatırlamadığım folklorumuzdan bəhs edən bir müəllif proqramı ilə çıxış edirdi…
Zaman Kamil müəllimlə – Türk dünyasının dəyərli alimi, professor Kamil Vəli Nərimanoğlu ilə yaxından tanışmaq fürsəti verdi. 1997-2000-ci illər arası təmsil olunduğum “Turan” Gənclər Təşkilatı, Bütöv Azərbaycan Gənclər Təşkilatı çərçivəsində tez-tez görüşlərimiz olurdu, məruzələrini dinləyirdik.
Sonrakı illərdə, Türkiyəyə köçməmişdən, dəfələrlə milli məsələlərlə bağlı müsahibim olmuşdu.
Bəzən özü hansısa əsərini bitirəndə və ya xaricdən elmi simpoziumdan qayıdanda “Gəl bir çay içək, həm də bununla bağlı bir müsahibə hazırlayaq” deyib dəvət edirdi…
Tanrı dağında yerini haqq edən dəyərli aydınımız, Allah rəhmət eləsin!
Aqil Camal
Gununsesi.info