Kamil Zeynallı həbs edildi - QANUNSUZ HƏRBİ FORMA GEYİNDİYİ ÜÇÜN

  • By admin
  • 12 Oktyabr 2020 18:27

Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını pozaraq ağır artilleriya və raketlərdən istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını, həmçinin ölkəmizdə hərbi vəziyyətin elan edilməsini nəzərə alaraq dəfələrlə sosial media və digər rəqəmsal platforma istifadəçiləri cəbhəboyu zonada vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, qoşunların dislokasiyası, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də silah-sursat, habelə dövlət təhlükəsizliyinə xələl gətirən digər məlumatların yayılmaması ilə bağlı xəbərdarlıq olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aparılmış araşdırmalarla Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilib.

Belə ki, inzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) və 517-2.6-ci (hərbi vəziyyət rejiminin tələblərinin pozulması) maddəsinə əsasən Füzuli rayon prokurorluğunda inzibati xətalar haqqında işlər üzrə icraat başlanmış və toplanmış material baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir.

Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilmişdir.

Bundan başqa, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilmişdir. Eyni zamanda, bu növ hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.

“Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Qanuna və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir. Hazırda ölkəmiz üçün həssas olan dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq”, – deyə məlumatda qeyd olunur.

 

 

Gununsesi.info