Baş Prokuror Kamran Əliyevin əmri ilə bir qrup prokurorluq əməkdaşı təqaüdə göndərilib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Baş Prokurorluğun açıqlamasında deyilir.
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Osmanov Mövlud Ömər oğlu, Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru baş ədliyyə müşaviri Nemətli Firdovsi İlyas oğlu və Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru baş ədliyyə müşaviri Əliyev Əlixan Ataxan oğlunu qulluq keçmələrinə xitam verilmələri ilə əlaqədar Baş prokuror Kamran Əliyev 23 sentyabr 2022-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında qəbul edib, Mövlud Osmanov və Firdovsi Nemətlini prokurorluğun fəxri fərmanı, Əlixan Əliyevi isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmiş və onlara hədiyyələr təqdim etmişdir.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdirmişlər.
Gununsesi.info