Kamran Əliyev “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına səsləndi

  • By admin
  • 05 İyun 2021 00:00

Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində bir qrup şəxsin minaya düşməsi faktı ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya  verilən məlumata görə, Baş prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına rəsmi müraciət ünvanlayıb.

Müraciətdə qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən, Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir: “Belə ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtobusun rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 2 media əməkdaşı və 1 dövlət qurumunun əməkdaşı ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla hazırda intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir”.

Kamran Əliyev müraciətində Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində basdırdığı minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsini Ermənistanın Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli aktların davamı kimi qiymətləndirərək, onlardan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edib.

Eyni zamanda, Baş prokuror insanların həyatının xilas edilməsinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinasının Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müvafiq maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmasını diqqətə çatdırmaqla, üçtərəfli Bəyanatın imzalandığı gündən hazıradək 18 mülki şəxsin həlak olmasını, 24 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasını qeyd edib. Baş Prokuror, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən törədilmiş cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.

 

Gununsesi.info