Kamran Əliyev: “Gəncə terroru ilə bağlı tapşırığı verənlər və icra edənlər müəyyən olunub” - YENİLƏNİB

“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi-siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.

Gununsesi.info -nun xəbərinə görə, bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa veriliblər:

“Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından asılı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.

09:28

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.

“Report”un Qərb bürosunun məlumatına görə, Baş prokuror Kamran Əliyev Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi əraziyə baş çəkib.

K.Əliyev burada şəhid olan mülki şəxslərin ruhuna hörmət əlaməti olaraq gül dəstəsi qoyub.

Qeyd edək ki, Kamran Əliyev bu gün Gəncə şəhəri və Kəlbəcər, Samux, Göygöl rayonları üzrə vətəndaşları qəbul edəcək.