İsrailin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) əməkdaşlarına qarşı ittihamları ardınca agentliyə yardımını müvəqqəti olaraq dayandıran Kanada, Qəzzada fələstinlilərə 30 milyon dollarlıq yardıma başladığını açıqladı.
Gununsesi.info xəbər verir ki, hökumətdən verilən açıqlamada, Kanadanın İsrailin iddialarından sonra bir çox ölkənin Agentliyə yardımlarını dayandırması məsələsində mövqeyini dəyişdiyi bildirilib. “Kanada səmimiyyətlə inanır ki, fələstinli mülki vətəndaşların humanitar yardıma ehtiyacı hər keçən saat artır”, – bəyanatda deyilir.
Bəyanatda Qəzza zolağında baş verən humanitar böhranın miqyasına görə təcili müdaxiləyə ehtiyac olduğu, Fələstinli mülki vətəndaşlara sürətlə çatmaq üçün həyati əhəmiyyət kəsb edən yardımların təmin edilməsi lazım olduğu bildirilib. 30 milyon dollarlıq yardımın əhəmiyyətli hissəsi BMT qurumları vasitəsilə köçürüləcək.
Yardımın çatdırılmasında Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi iştirak edəcək. Qeyd edək ki, bundan əlavə, yardımların bir hissəsi Kanada qeyri-hökumət təşkilatının tərəfdaşları vasitəsilə ehtiyacı olanlara çatdırılacaq.
Gununsesi.info