Kanadada yaşayan mühacir İlham Əliyevə müraciət edib - ÖLKƏYƏ QAYITMAQ İSTƏYİRƏM

Kanadada yaşayan siyasi mühacir Sahib Teymurov Prezident İlham Əliyevə və vitse-Prezident Mehriban Əliyevaya müraciət edib.

Gununsesi.info-nun xəbərinə görə, Sahib Teymurovun müraciətinə səbəb ölkəyə qayıtmaq istəyidir.

2017-ci ildən Kanadada ailəsi ilə mühacir həyatı yaşayan Sahib Teymurov ailəsinin Azərbaycana qayıtması üçün  zəmanət verilməsini xahiş edir.

O, müraciətində bildirir:

“İnanıram ki, Cənab Prezident İlham Əliyev və Azərbaycanın birinci Vitse Prezidenti Mehriban Əliyeva, ailəmizin səmimi etirafını qəbul edəcək”.

Sahib Teymurov qeyd edir ki, mərhum ölkə başçısı Heydər Əliyevlə 1999-cu ildə şəxsən görüşüb: “Ulu öndər   3 otaqlı mənzil,  şəhərin mərkəzində ticarət obyekti ilə təmin olunmağımda köməklik etmişdir.

Mən Ulu Öndəri həmişə rəhmət hissi ilə anıram. İnanıram ki, möhtərəm Prezidentimiz İlham Əliyev də mənim səhvlərim ucbatından səhvən törətdiyim məsuliyyətsiz əməllərə görə əfv edəcək.

Mən görünməmiş nankorluq etsəm də İlham Əliyevin mərhəmətinə sığınıram. Mən ümid edirəm ki, Cənab Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mərhəməti nəticəsində ailəmizin Azərbaycana yenidən qovuşa biləcəyim günləri səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Sahib Teymurov “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin sədri olub.

 

 

Şəbnəm

Gununsesi.info