
Qadın milli komandamızın lideri İrina Zaretska (68 kq), Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nüfuzlu Karate 1 Premyer Liqasının qalibi olub.
Gənclər və İdman Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, İ. Zaretska Dünya Karate Federasiyasının (WKF) mövsümboyu 3-cü mötəbər yarışını da birinci pillədə başa vuraraq reytinqdəki liderliyini möhkəmlətdi.
O, məğlub etdiyi rəqiblər arasında bu dəfə də son dünya və avropa çempionları var idi.
Milli komandanın favoritlərindən Ayxan Mamayev (84 kq) bürünc medal uğrunda həlledici qələbəni əldən versə də, son dünya çempionatının finalında məğlub olduğu Ryutaro Araqaya (Yaponiya) 4:2 hesabı ilə qalib gələrək revanş aldı. 4-cü İslam Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli olan bu yarışda milli komandamız iştirak etməsə də, turnirə öz hesabına yollanan daha 3 idmançımız mükafatçılar arasına düşə bilmədi.
Karateçilərimiz üçün Premyer Liqadan kənarda qalmaqda digər bir mənfi hal isə, idmançılarımızın Tokio Olimpiadasında iştirak etməsi üçün reytinq qazandıran ilk 4 pillədən uzaq düşmələridir.
Dubay Premyer Liqasında nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF texniki komitəsinin üzvü Yaşar Bəşirov, idmançıları mükafatlandıran fəxri qonaqlar arasında oldu. Yarışı idarə edənlər arasında 4-cü İslam Oyunlarında Azərbaycanı təmsil edəcək 3 hakimimizdən beynəlxalq dərəcəli Cahangir Babayevlə Vüqar Kərimov da yer aldı.
Premyer Liqada 75 ölkədən 701 karateçi iştirak etdi. 1 qızıl medala sahib olan Azərbaycan, mükafat qazana bilən 26 ölkə idmançıları arasında 7-10cu yerləri bölüşdü.
Anar
Gununsesi.info