Kaxa Kaladzenin Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürüldü

  • By admin
  • 01 İyul 2017 23:51

kaxa_kaladze

Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze hakim “Gürcü arzusu” partiyasının Tbilisi şəhərinin meri vəzifəsinə namizədi kimi rəsmən təqdim olunub.

Gununsesi.info-nun APA-ya istinadən  məlumatına əsasən, Tbilisinin Mtatsminda parkında baş tutmuş təqdimatda Gürcüstanın baş naziri və “Gürcü arzusu” partiyasının rəhbəri Giorgi Kvirikaşvili deyib ki, Kaxa Kaladze yalnız partiyanın görkəmli liderlərindən biri deyil, həmçinin Gürcüstan cəmiyyətinin görkəmli üzvlərindən biridir.

“Kaxa Kaladzenin olduğu hər yerdə hər zaman qələbə və uğur olub”, – G.Kvirikaşvili qeyd edib.

Baş nazir Kaxa Kaladzenin seçkilərdə qalib gələcəyinə ümidvar olduğunu deyərək, ona uğurlar arzu edib.

Kaxa Kaladze isə öz növbəsində Tbilisi meri vəzifəsinə namizədliyinin irəli sürülməsini onun üçün böyük şərəf olduğunu deyib.

K.Kaladze “Gürcü arzusu” partiyası və onun rəhbərliyinə göstərilən etimad və dəstəyə görə təşəkkürünü bildirərək qeyd edib ki, yaxın zamanlarda paytaxt Tbilisi üçün plan və məqsədlər təqdim olunacaq.

Qeyd edək ki, Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər bu ilin oktyabr ayının üçüncü həftəsində keçiriləcək. Seçkilərin dəqiq tarixi avqust ayında elan olunacaq.

Hakim partiyadan başqa, iki əsas müxalif qüvvə – “Avropalı Gürcüstan” və Vahid Milli Hərəkat partiyaları da paytaxt meri vəzifəsinə öz namizədlərini müəyyənləşdiriblər. “Avropalı Gürcüstan”ın namizədi parlamentin üzvü Yelene Xoştariya, Vahid Milli Hərəkatın namizədi isə “Rustavi-2” telekanalının populyar jurnalisti Zaal Udumaşvilidir.

Gununsesi.info