Keçmiş arvadını və özünü öldürən şəxs Vətən müharibəsinin iştirakçısı imiş - FOTO

  • By admin
  • 09 Aprel 2022 12:48

Aprelin 6-da Bakıda 1978-ci il təvəllüdlü Rasim Xəlilov ov tüfəngi ilə keçmiş həyat yoldaşı 25 yaşlı Misli Xəlilovanı qətlə yetirib, daha sonra özünü güllələyib. Hadisə Sabunçu rayonu ərazisində baş verib.

44 yaşlı Rasim Xəlilov Vətən Müharibəsinin iştirakçısı olub. O, müharibənin ilk günlərindən Azərbaycan torpaqlarının işğaldan azad olunması əməliyyatlarına qatılıb.

Gununsesi.info xəbər verir ki, mərhumun döyüş yoldaşı, yazar Emin Piri Modern.az-a açıqlamasında bildirib ki, Rasim Xəlilov Vətən Müharibəsində göstərdiyi şücaətə görə medalla təltif olunub:

“Rasim əslən Şəkidən idi. Orada da dəfn olunacaq. Müharibə vaxtı rütbəsi mayor idi. Müharibə dövründə eyni batalyonda xidmətdə olmuşuq. Batalyon komandirinin müavini idi. Füzuli, Cəbrayıl, Xocavənd, Laçın dəhlizi və Şuşa istiqamətində döyüşmüşük. Sonuncu tərxis yerimiz Laçın oldu, birlikdə qayıtdıq.

Rasim “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdu, 20 illik xidməti dövründə bir sıra medallara layiq görülüb. İncəsənətə meyilli adam idi. Rəsm sərgilərində iştirak etdiyini söyləyirdi. Ailə məsələləri haqqında danışmağı sevmədiyim üçün onunla ailəsi barədə söhbət aparmamışam”.

E.Pirinin sözlərinə görə, R.Xəlilov 44 günlük müharibə zamanı xəsarət almayıb, sonadək döyüşlərdə iştirak edib: “Döyüşdə iştirak edən hər bir şəxs kimi, o da psixoloji travma almışdı. Təbii ki, Rasimin psixoloji problemləri yaranmışdı. Son günlər görürük ki, Vətən Müharibəsi iştirakçıları intihar edir, cinayət törədir. Bunların qarşısını almaq üçün Vətən Müharibəsi iştirakçılarına fərdi şəkildə psixoloji dərs keçilməlidir. 50-60 iştirakçıya bir yerdə psixoloji dərs deyirlər, bu, çox mənasızdır. Çünki psixoloji dərslər fərdi şəkildə, bir neçə prosedurla həyata keçirilməlidir. Bu, o demək deyil ki, Vətən Müharibəsi iştirakçıları cinayətə meyillidir. Müharibənin əsəb, stressi onlarda aqresiya yaradır. Rasimdə də psixoloji problemlər olub ki, silaha meyl edib. Lakin hadisənin hansı səbəbdən baş verdiyini bilmirəm”.

Gununsesi.info