
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə dələduzluqda təqsirləndirilən keçmiş bələdiyyə sədri Vaqif Nəbiyevin məhkəməsi başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 14-nə təyin edilib.
Qeyd edək ki, V. Nəbiyev Abşeron rayon Məhəmmədli Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. O, bu vəzifədə çalışarkən qulluq mövqeyindən istifadə edərək, 2015-ci ildə kənd ərazisində olan 30 sot torpaq sahəsini zərərçəkmiş şəxsə satacağını deyərək, ondan 23 min manat pul almaqda ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, istintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Hazırda o, zamindədir.
Gülnaz Qənbərli
Gununsesi.info










