Keçmiş bankir: “Polkovnik dedi ki, Mövlam Şıxəliyevin üzünə durmasam, kişi deyiləm” -Video

  • By admin
  • 07 Dekabr 2021 18:47

Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində 2 aya yaxındır ki, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Təqsirləndirilən şəxslərdən yalnız Mövlam Şıxəliyev həbsdədir. Digər təqsirləndirilən şəxslər – Yasin Məmmədov, Vüsal Ələkbərov və Sahib Ələkbərovun barəsində ibtidai istintaq, sonradan isə məhkəmə dövründə həbslə əlaqəli olmayan qəti imkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər məhkəmə binasına mətbuat nümayəndələrinin kameralarından yayınmaqla daxil olmağa çalışırlar. Üzlərinin tanınmaması üçün qara eynək, tibbi maska taxır, papaqlarını alınlarını örtənəcən başlarına sıxırlar. Dekabrın 7-də Bakı Hərbi Məhkəməsinə Sahib Ələkbərov təsvir olunan görkəmdə gəlib.

Adı mətbuatda MTN-də çalışdığı zamanlarda “işgəncələr kralı” kimi hallanması sualına Sahib Ələkbərov “mən kimsəyə işgəncə verməmişəm” cavabını verib. O, mütəşəkkil cinayətkar dəstənin tərkibində hədə-qorxu ilə tələb etmə ittihamına cavab verməkdən yayınıb.

Məhkəmə binası önündə Sahib Ələkbərovla zərərçəkən Hüseyn Səfərov arasında dava düşüb. Hüseyn Səfərov Sahib Ələkbərovun Mövlam Şıxəliyevin üzünə durmağa hazır olduğunu deyib. Sahib Ələkbərov isə belə fikir söyləmədiyinə israr edib. Tərəflər arasında söz atışması baş verib.

Qalmaqalın videosunu sizə  təqdim edirik.

Gununsesi.info