Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi hökumət başçısı vəzifəsində çalışarkən rüşvət kimi torpaq almaqda ittiham olunurlar.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, bu ittihamlar İmran Xan və Buşra Bibi tərəfindən 2018-ci ildə “Al-Qadir Trust” qeyri-hökumət xeyriyyə təşkilatının yaradılması ilə bağlıdır. Müstəntiqlərin fikrincə, bu təşkilat inşaatçıdan rüşvət kimi torpaq almaq üçün cəbhə olub.
71 yaşlı siyasətçi başqa cinayətlər törətməkdə şübhəli bilinərək 2023-cü ilin avqustundan həbsdədir. Bundan əvvəl Pakistan məhkəməsi İmran Xan və Buşra Bibi korrupsiya və xarici hədiyyələrin satışı işi üzrə 14 il həbs cəzasına məhkum edib. Keçmiş baş nazir və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi də dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilib.
İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. 10 aprel 2022-ci ildə ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
Gununsesi.info