Keçmiş məcburi köçkün məktəblilərin peşə mərkəzinə ekskursiyası təşkil edilib. Layihə rəhbəri Nizami Əsgərovun sözlərinə görə, Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə təhsil alan 30 şagird İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyaya aparılıb.
Gununsesi.info xəbər verir ki, şagirdlərə İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris olunan ixtisaslarla bağlı məlumat verilib.
Təlimçi Gülsarə Həsənova bildirib ki, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə 14 ixtisas tədris olunur: “Həmin ixtisasların bir çoxu hazırda əmək bazarında ehtiyac olan ixtisaslardır.
Bu gün ziyarət etdiyimiz Mərkəzdə Aşpaz, Qənnadçı, şirniyyatçı, Bərbər-vizajist-manikürçü, Dərzi, Reklam işçisi, Əməliyyatçı-mühasib,Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, Sığorta işçisi, Bərbər, Turizm təşkilatçısı, Tədbirlərin təşkilatçısı, Qrafik dizayner, Reklam dizayneri, İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi hazırlanır.
Sizə paylanılan qovluqda layihə çərçivəsində hazırlanan “Peşə təhsilinin üstünlükləri” adlı buklet də var. Bukletdə Azərbaycanda peşə təhsili müəssisələri, əmək bazarında daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunub. Siz həmin bukletdə əmək bazarında daha çox ehtiyac duyulan peşələrlə bağlı da məlumat ala bilərsiniz. Nəzərə alın ki, bu gün peşə seçimi ilə bağlı verdiyiniz qərarlar gələcək həyatınız üçün çox önəmli olacaq. Peşə liseylərinə qəbul isə sizin IX sinfin buraxılış imtahanında topladığınız bal əsasında aparılır. Burada öyrəndiyiniz peşə bacarıqları əsasında sonradan əmək bazarında özünüzə rahat iş yeri tapa biləcəksiniz”.
İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şöbə müdiri Sahibə Qulubəyli qeyd edib ki, Mərkəzdə nəzəri biliklərlər öyrənməklə yanaşı, peşə bacarıqları da öyrədilir:
“Tələbələrimiz ilk kursda həftənin 4 günü məktəbdə tədris alır, qalan bir günü isə istehsalat təcrübəsində olurlar. Bir müddət sonra isə həftənin 2 gününü istehsalat təcrübəsində olurlar. 1 illik peşə təhsili alanlar isə tədris ilində mart ayından sonra həftənin hər günü istehsalat təcrübəsinə gedirlər. İstehsalat təcrübəsində olan tələbələr isə təxminən burada çalışan müəllimlər qədər əmək haqqı ala bilərlər”.
Sonda şagirdlər İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzindəki tədris şəraiti ilə tanış olublar.
Qeyd edək ki, qarşıdakı günlərdə hər birində 30 nəfər olmaqla daha 2 qrup halında şagirdlərin İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiyası nəzərdə tutulur.
Peşə təhsilinə maraq göstərən şagirdlərin ekskursiyası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Məcburi köçkün məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində baş tutub.
Gununsesi.info