Keçmiş məcburi köçkün şagirdlərin fənn müsabiqəsinə hazırlığı davam edir

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində Kəlbəcər rayonu 56 saylı tam orta məktəbdə fizika fənnindən Respublika fənn müsabiqəsinə hazırlıq davam edir.

Gununsesi.info xəbər verir ki, “İstedadlı şagirdlərin fizikadan Respublika fənn müsabiqəsinə hazırlığının təşkili” layihəsi çərçivəsində keçirilən məşğələlərlə bağlı məlumat verən layihə rəhbəri Gülsarə Həsənova deyir ki, hazırda məşğələlər 2 qrupda aparılır:
“Layihənin məqsədi aztəminatlı ailələrdən olan istedadlı şagirdlərin fizikadan fənn müsabiqəsinə hazırlığını təşkil etməkdir. Test və müsahibə əsasında seçilən şagirdlər fizika fənninə maraq göstərən VII sinif şagirdləridir. Şagirdlərə VII sinif dərsliyində nəzərdə tutulan proqram genişləndirilmiş şəkildə tədris olunur. Nəzəri biliklərlə yanaşı, olimpiada tipli məsələlərə də zaman ayrılır. Şagirdlər ayda iki dəfə sınaq imtahanına cəlb olunurlar”.

G.Həsənova deyir ki, şagirdlərin  Respublika fənn müsabiqəsində nəticə əldə edəcəklərinə ümidlidirlər: “Əvvəlki illərdə məktəbimizin şagirdləri arasında ali məktəbin qəbul imtahanlarında 700 bal toplayan şagirdlər də olub. Amma fizika fənnindən Respublika fənn olimpiadalarında medal əldə edən şagirdlərimiz olmayıb. Baxmayaraq ki, məktəbdə təhsil alan şagirdlər arasında istedadlılar da az deyil. Hesab edirik ki, şagirdlərin VII sinifdən olimpiadalara hazırlığı müsbət nəticə əldə etməyimizə imkan verəcək.  Fənn müsabiqələri olimpiadalara ilkin hazırlıq üçün gözəl imkandır. Şagirdlərin də Elm və Təhsil Nazirliyinin Təhsil Nazirliyi tərəfindən yaradılan bu imkandan maksimum yararlanacağı qənaətindəyik”.

Qeyd edək ki, Respublika fənn müsabiqəsinə hazırlıq məşğələsinin cari tədris ilinin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

Gununsesi.info