Keçmiş polis rəisinin 185 min dollarlıq balıq biznesi

Keçmiş polis rəisinin 185 min dollarlıq balıq biznesi

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanovun məhkəməsində dostu onu ittiham edib. Keçmiş dost indi F.Məmmədxanov haqqında cinayət işində zərərçəkmiş kimi tanınıb.

Gununsesi.info xəbər verir ki, birgə biznes adı ilə Eldar Hənifəyevdən 185 min manat alıb onu aldatmaqda ittiham olunan F.Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baxılır.

Aprelin 4-də keçirilən məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama görə F.Məmmədxanov zərərçəkmiş E.Hənifəyevə balıq satışı ilə məşğul olub yaxşı qazanc əldə etmək məqsədilə birgə biznes təklif edib. Bu məqsədlə Eldar Hənifəyevdən 185 min dollar alıb. E.Hənifəyevə aylıq qazanc kimi 5 min dollar verib. Bu, 6 ay davam edib. Altı aydan sonra E.Hənifəyev pulunu ala bilməyib.

İttihama münasibət bildirən F.Məmmədxanov özünü ümumiyyətlə təqsirli bilməyib.

Məhkəmədə zərərçəkmiş E.Hənifəyev ifadə verərək hadisə haqda ətraflı danışıb. Bildirib ki, F.Məmmədxanovla uzun müddət tanışlığı olub: “Ailə münasibətlərimiz olub. Mənə təklif elədi ki, yaxşı qazanclı iş var. Mən də inanıb razılaşdım. 185 min verdim. Mənə 6 ay ərzində hər ay 5 min dollar qazanc kimi verdilər. Fərhad bu işi Gülməmməd adlı şəxslə görürdü. Bir neçə dəfə də pulu mən özüm gedib götürmüşəm.  Mən də həmin puldan 2 min dollarını Fərhada vermişəm. Mən əvvəldən demişdim ki, əgər aylıq 5 min qazanc olsa, 2 minini sənə verərəm. Hələ ona “sağ ol” da deyirdim ki, ayda mənə 3 min qazandırır.  Sonra məlum oldu ki, balıq işi yoxdur. Toyuq təsərrüfatı işi görülüb. Pul şəxsi işlərinə görə xərclənib…”

Zərərçəkmişin sözlərinə görə, əvvəlcədən 35 min vermişdi, indi heç onun söhbətini eləmir. Sonradan iş üçün 150 min verib. Bunun da 30 mini qaytarılıb: “İstintaqda razılıq ərizəsi vermişəm ki, 30 min verirlər, mən də qalan pul ödəniləcəyi təqdirdə şikayətimi geri götürəcəm. 3-4 ildir pulumu ala bilmirəm.

Heç vaxt belə bir hadisənin olacağını ağlıma gətirməzdim. Onun balasını öz balam bilmişəm. Balasınım başına hadisə gələndə ilk onun yanına mən qaçmışam”.

Gülər

COMMENTS