KFC Ziya Məmmədovun oğlundan alındı - MƏŞHUR RESTORANLAR "GİLAN HOLDİNQ"Ə ÖTÜRÜLDÜ

  • By admin
  • 06 İyun 2017 12:11

ziya oglu kfc

Bakıda məşhur KFC restoranlarını yönəldən «AFK» şirkətinin sahibliyi yenidən dəyişib. Hazırda «Gilan Holding» bu şirkəti özünün pərakəndə biznes üzrə törəmə qurumlarından birinə aid edir.

«Gilan Holding» şirkətlər qrupu korporativ saytını qismən yeniləyərək, ticarət və ictimai iaşə sektorunda fəaliyyət göstərən bir neçə müəssisəni bir arada təqdim edib. Onların arasında «AFK» MMC də var.

«Gilan Holding»in saytından web-screenshot

«Gilan Holding»in saytından web-screenshot

Bunadək «AFK» MMC-ni (VÖEN 1701109091) «Qarant Holdinq» MMC öz biznes portfelinə daxil edirdi. Holdinq bir müddət bundan öncə kredit öhdəliklərini vaxtında icra etməklə bağlı problemlə üzləşmişdi və iş məhkəməyə qədər gedib çıxmışdı. «Paşa Bank» ASC «Qarant Holdinq» MMC və keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədovla kredit borcunun məhkəmədən kənar həll olunduğunu açıqlamışdı.

«Gilan Holding»in saytından web-screenshot

Məşhur KFC fast-fud restoranlarını Azərbaycana 2010-cu ildə başqa bir işadamı, «PNN Group» şirkətinin vitse-prezidenti Nəsib Piriyev gətirmişdi. O, «AFK» MMC-ni qurdu, Bakıda bir- birinin ardınca 3 restoran açdı, şirkətin kapitalını 5,6 milyon manata çatdırdı. Sonradan şirkət Anar Məmmədova ötürüldü.

«PNN Group» şirkətinin saytından screenshot

Şəbəkə «Garant Holding»ə keçəndən sonra sayca dördüncü KFC restoranı o zaman Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azərbaycan Dəmir Yolları» QSC-yə məxsus olan, «28 May» metro stansiyası yaxınlığında yerləşən tarixi binada açıldı. Ötən ay həmin restoran «başqa ünvana köçmək» adıyla bağlanıb.

Nə «Gilan Holding», nə də «AFK» şirkətində restoranların mülkiyyətçisinin dəyişməsiylə bağlı məlumatı AzadlıqRadiosu-na şərh etməyiblər. «Garant Holding» MMC-nin telefonları isə bağlıdır. (azadliq.org)