Kibercinayətkarlıq hər gün artır: Nə etməli? -EKSPERT ŞƏRHİ

Ölkədən və mühitdən asılı olmayaraq  istər şəxslərə, istərsə də mülkiyyətə qarşı cinayətlər qaçılmazdır. Müasir dövrümüzdə yeni nəsil informasiya kommunikasiya texnologiyalarının təsir dairəsinin genişlənməsindən müxtəlif transmilli cinayətkar şəbəkələrin üzvləri də öz çirkin niyyətləri üçün istifadə etməyə çalışırlar. 

Bildiyimiz kimi, son zamanlar internet istifadəçilərinə qarşı kiber cinayətlərin sayı artıb.

Daxili İşlər Nazirliyinin və müxtəlif qurumların xəbərdarlıqlarına, ciddi tapşırıqlarına baxmayaraq insanlar yenə də kibercinayətlərin qurbanı olur. 

Görəsən, bu qurbanların sıralarına daxil olmamaq üçün hansı addımları atmaq lazımdır?  

Gununsesi.info-ya açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov deyir ki, Azərbaycanda hər il  növbəti ilə nisbətən, bu talançılığın və dələduzluğun sayı artmaqdadır:

“Dövlət qurumlarımız hər il bu məsələyə adətən informativ və statistik çıxışlarla statistik məlumatlar verirlər. Burada vətəndaşların özlərini qorumaları, onların müxtəlif qaydalara lazımı əməllər etmələri  barədə müxtəlif bilgilər verilir. Lakin bütün bunlara baxmayaraq görürük ki, hər il Azərbaycanda kiber dələduzluğun, kiber talançılığın miqyası artmaqdadır.

 Təbii ki, bu, dünyada da belədir. Rəqəmsallıq, rəqəmsal iqtisadiyyat, xidmətlərin rəqəmsallığa keçməsi artıqca bu artıq qaçılmaz faktdır. Amma biz baxırıq ki, Azərbaycanda dövlət qurumları  sadəcə informativ məlumatlardan kənara çıxmırlar. Bütün məsuliyyəti vətəndaşın boynuna atırlar”.

 

Ekspertin sözlərinə görə, dövlət vətəndaşların maarifləndirilmə prosesindən daha çox bu məsələyə ciddi şəkildə yanaşmalıdır:

“Dövlətin bu mövzuda xüsusi bir statusu olmalıdır. Təəssüf ki, bu gün bizdə vəziyyət qənaətbəxş deyil. İlk öncə polisə, daha sonra kiber təhlükəsizlik ilə məşğul olan digər qurumlara şikayət olunur. Həmən qurumlardan və ya məhkəmələrdən qərar çıxana qədər dələduzlar öz işlərini rahat şəkildə davam edir. Əldə etdiyi pulları çox rahat şəkildə banklardan çıxarda bilirlər. Bunların qarşısını almaq üçün operativlik olmalıdır. Elə bir vəziyyət yaranmalıdır ki, vətəndaş əgər kiber talançılıqla bağlı şikayət edərsə artıq o bankdakı məbləğ də bloklansın. Çünki banklar da məhkəmə qərarı olmadan bloklanma ilə məşğul olmur. Belə vəziyyətdə aydın olur ki, bank da bu məsələyə qarşı maraqsızdır”.

Elvin Abbasov bildirir ki, təəssüf ki, bu gün orqanlar öz prosuderlərini ağır rejimdə apardıqları üçün vətəndaşlar qurbana çevrilir. O, təklif edir ki, dövlət qurumları bu məsələlər üzrə xüsusi komissiyalar yaratsın və digər məsələlərdən öncə operativ şəkildə problemlər həll etməyin yolları tapsınlar.

 

“İnsanlar kiber cinayətlərə səbəb olan elanlara çox aldanırlar. Bu da onların sadəlöv olmalarından da irəli gəlir”. 

Bunun isə Gununsesi.info-ya açıqlamasında hüquqşunas, vəkil Əkrəm Həsənov deyir.

Kiber cinayətlərin nəinki, Azərbaycanda bütün dünyada çox aktuall olduğunu vurğulayan vəkil bu cinayətlərin araşdırılıb ortaya çıxarılmasını çətin proses olduğunu bildirir:

“Virtual müstəvidə həyata keçirilən bu cinayətlər  kompüter texnologiyaları və kompüter şəbəkələri vasitəsilə törədilir. Bu cinayətin çətinliyi ondan ibarətdir ki, onu törətdən öz qurbanından xeyli uzaqdadır. Digər cinayətlərin üstünü açmaq daha rahatdır, nəinki bu cinayətin. Zahirdə oğurluğa gedən, qarət edən, adam öldürən müxtəlif cinayətlər törədən cinayətkər hər zaman qorxu içindədir. Çünki nə zamansa ələ keçiriləcəyini bilir. Burda isə məsələ fərqlidir. Cinayətkar uzaqda olduğu üçün qorxu hissi ilə yaşamır”.

Vəkilin sözlərinə görə insanlar ayıq və savadlı olsalar, bu kimi problemlər ilə qarşılaşmaq halı az olar:

“Elmsiz insanlar qeyri-standart vəziyyətdə hərəkət edə bilmədikləri üçün və istənilən bütün məlumatları doğru qəbul etdikləri üçün kiber cinayətlərin qurbanı tez ola bilirlər. Bu gün insanlar kiber cinayətlərə səbəb olan elanlara tez aldanırlar. Bu da onların sadəlövh olmalarından da irəli gəlir. Təəssüf ki, bizim cəmiyyət ancaq telekanalların təsiri altında tərbiyə alır. Bu gün gənc nəsil daha ayıqdır. Çünki heç bir televiziya kanalı izləmir. Ancaq yaşlı nəsil qeyd etdiyim kimi televiziya təsiri ilə yaşayır.

İlk növbədə bu qurbanlara çevrilməmək üçün savadlı olmaq lazımdır. Bu kimi hadisələr ilə rastlaşdıqda şübhəli yanaşaraq bu sahənin mütəxəssisinə müraciət etmək vacibdir. Bəzən insanlar özləri haqqında o qədər yüksək fikirə sahibdirlər ki, yüksək məbləğlər qazanmaq üçün kiber cinayətkarların qurbanı olurlar. Qeyd etdiyim kimi çox çətin cinayətdir. Vətəndaşlar üçün maafrifləndirmə proqramlarını eynən hüquq-mühafizə orqanları arasında da aparılmalıdır”

Əkrəm Həsənov sonda deyir ki, bəzən bu sahədə çalışan orqanların heç bir məlumatı və anlayışı olmur:

“Bütün öhdəçiliyi hüquq orqanlarına yükləməyin tərəfdarı olmasaq da, bu sahə ilə məşğul olmaq üçün xüsusi şöbələr yaradılmasını təklif edərdim. Bu işlərlə məşğul olmaq üçün polis əməkdaşları xüsusi bilgilər əldə edib maarifləndirilməlidir. Çünki bu cinayətkarların ələ keçirilməsi də çox uzun çəkir. Orqanların vaxtını alan bir prosesdir. Qeyd etdiyim ki, həm vətəndaşlar, həm də bu işlərlə məşğul olacaq orqanlar dərin bilgilərə malik olamalıdır”– deyə vəkil əlavə edib.

 

Unutmayaq ki, kibercinayətkarlar mütəşəkkildirlər, qabaqcıl texnikalardan istifadə edirlər və yüksək texniki bacarıqlara malikdirlər.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info