Azərbaycanda sahibkarlıq subyektləri əsasən 4 qrup üzrə təsnifatlaşdırılır: fərdi sahibkarlar, mikrosahibkarlar, kiçik və orta sahibkarlar və iri sahibkarlar. Bu sahibkarlıq subyektlərinin sayı 1 milyonu keçir. Və onların hansı sahibkarlıq subyekti sayılması NK-nin qaydaları ilə müəyyənləşir. Bu qaydaları 2 meyar müəyyənləşdirir: işçi sayı və satış dövriyyəsi.
Bu ildən həmin sahibkarlıq subyektlərindən sayılan MİKROSAHİBKARLAR üçün yeni oyun qaydaları müəyyənləşib. Onu yığcam olaraq təsvir etmək istəyirəm.
Mikrosahibkarlar kimlərdir hesab olunur?
İllik dövriyyəsi 200 min manat və işçi sayı 10 nəfərdən az olan işçilər mikrosahibkarlar hesab olunur. Onlar gəlirlərinin 5% səviyyəsində vergi verirdilər.
Son dəyişikliklərdən (01.01.2024) sonra işçi sayı 10 nəfər olan həmin insanların sayı 3-ə endirilib. Əgər onların işçi sayı 3-10 nəfər olacaqsa, onlar gəlirlərinin 20%-i həcmində vergi ödəyəcəklər. Yox, əgər 3 nəfərdən azdırsa, o zaman 5% həcmində vergi ödəyəcəklər.
Həmin (10 nəfər işçi) mikrosahibkarlar üçün 75%-lik güzəştlər aradan qalxır. Məlumat üçün bildirək ki, ölkəmizdə 335 min nəfər mikrosahibkarlıq subyekti var. Son qərar bu sahibkarlıq subyektlərinin maraqlarına toxunacaq.
Bu qərarla bağlı 2 maraqlı tərəf (steykholder) var: hökumət (fiskal stuktur-İN) və mikrosahibkarlar. Hökumət bu qərarı ilə ölkədə 740 mindən çox aktiv vergi ödəyiciləri içərisində mikrosahibkarlardan 4 dəfə daha artıq vəsaitlərin toplanması hesabına dövlət büdcəsinə daha çox vəsaitin daxilolmasını təmin etmək istəyir.
Mikrosahibkarlar isə bu tələdən qaçmaq üçün proqnozlaşdırılan 2 yoldan birini seçə bilərlər:
(ı) işçi sayının az görünməsi hesabına mikrosahibkarlıq subyektlərinin sayının artırması yolu ilə işçi sayının 2 və daha çox yerdə çalışmasına cəhd etməsi;
(ıı) mikrosahibkarlar üçün daha güzəştli vergi rejimi olan qonşu ölkələrdə fəaliyyət göstərməsinə üstünlük verməsi. Məsələn Gürcüstanda hətta 270 min manatlıq bazar dövriyyəsi olan mikrosahibkarlar bizdəkindən 20 dəfə az, yəni cəmi 1% həcmində vergi ödəyirlər. Xüsusi fəaliyyət sahəsi olan mikrosahibkar həmin ölkənin vergi ödəyicilərinə çevriləcəklər və bundan itirən Azərbaycanın vergi sistemi olacaq.
Ona görə iqtisadiyyatın istənilən sahəsi ilə bağlı qərar verən zaman mütəxəssislərə məlum olan “Kobra effekti”ni nəzərə alaraq qərar verməlidirlər. Əks halda həmin qərarın təsiri altında ilanın azalmasının deyil, artmasının şahidi ola bilərik.
Məmməd Talıblı
Gununsesi.info