Kim Çen In ilk dəfə gizli saxladığı qızı ilə görüntüləndi - Fotolar

Şimali Koreya lideri Kim Çen In ilk dəfə kiçik qızı ilə ictimaiyyət qarşısına çıxıb.

Gununsesi.info CNN-ə istinadən xəbər verir ki, o, yeni tipli qitələrarası ballistik raketin orbitə buraxılması mərasiminə qızını da gətirib. Mərasimi qızının əlindən tutaraq seyr edən Şimali Koreya liderinin görüntülərini Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayımlayıb.

Agentlik yeni raketin “Hwasong-17” olduğunu, Pxenyan Beynəlxalq Hava Limanından buraxıldığını və 999,2 kilometr (621 mil) uçduğunu iddia edir.

Kim Çen Inın və ailəsinin şəxsi həyatı haqqında çox az informasiya məlumdur. Agentlik qızın adını açıqlamasa da, ekspertlər onun adının Ju Ae olduğunu və 12-13 yaşlarında olduğunu bildiriblər.

Qeyd edək ki, Şimali Koreya liderinin qızının varlığı heç vaxt açıq şəkildə təsdiqlənməyib. Onun iki qız və bir oğlan olmaqla üç övladının olduğu təxmin edilir. 2013-cü ildə keçmiş basketbol ulduzu Dennis Rodman Britaniyanın “Guardian” qəzetinə müsahibəsində Kimin Ju Ae adlı övladının olduğunu söyləmişdi. Rodman onun ailəsi ilə vaxt keçirdiyini, Kimi “yaxşı ata” kimi xarakterizə etdiyini və Kimin həyat yoldaşı Ri Sol Cu ilə danışdığını bildirib.

Həmçinin məlumatlara görə, Şimali Koreyanın dövlət mediası Cənubi Koreya kəşfiyyatının toyun baş tutduğu ilə bağlı faktları ortaya qoymasından təxminən üç il sonra, 2012-ci ilin iyul ayına qədər Kim və Rinin evliliyini elan etməyib. 2018-ci ildə isə Şimali Koreyanın dövlət mediası tərəfindən ona “hörmətli birinci xanım” titulu verilib. Bu, əvvəllər ona müraciətdə işlədilən “yoldaş” ifadəsindən bir pillə yuxarı idi. Mediada Rinin hamiləliyi də heç vaxt təsdiqlənməyib. Lakin Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) məlumatına görə, Kim və Rinin üç övladı var.