

Son günlərdə Mərkəzi Bankın 4 faizlik marjanı ləğv etməsi, həmçinin, Ai 95 və Premium markalı benzinin qiymətinin qaldırılması cəmiyyətdə ciddi müzakirə predmetinə çevrilib. Məsələnin aktuallığını nəzərə alaraq iş adamı, iqtisadçı, sabiq millət vəkili Nazim Bəydəmirlinin son zamanlarda ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verənlərlə bağlı mövqeyini öyrənməyə çalışdıq.
İndi isə N. Bəydəmirlinin Gununsesi.info-ya müsahibəsini təqdim edirik.
Dolların bahalaşmasının əsas səbəbi ölkədən olan kapital axınıdır…
-Nazim bəy, bu gün cəmiyyəti Mərkəzi Bankın 4 faizlik marjanı ləğv etməsindən sonrakı taleyi ciddi narahat edir. Artıq bu məsələdə ekspertlər arasında fərqli yanaşmalar mövcuddur. Bir qismi hesab edir ki, Azərbaycan manatın tam liberallaşamsına hazır deyil və bu mərhələli qaydada olmalıdır. Digər qisim isə deyir ki, nə qədər tez tam üzən məzənəyə keçilərsə, prosesdən az ziyanla çıxmış olarıq. Siz necə düşünürsünüz?
– Mərkəzi Bank 4 faizlik marjanı qəbul etmək məcburiyyətində idi. Çünki son vaxtlar dollar çatışmamazlığı ilə bağlı problemlər yaşanırdı və bir çox ekspertlər, o cümlədən, Mərəzi Bankın özü də bu qənaətə gəldi ki, dollar çatışmazlığı “qara bazar”ın canlanmasına səbəb olur. Məhz son zamanlarda bir neçə bankın rəhbərinin dəyişməsi də bu səbəbdən irəli gəlirdi. Araşdırma onu göstərdi ki, Mərkəzi Bank və Neft Fondunun hərraclara çıxardığı dollar bankların müqavilə şərtlərini yerinə yetirmək üçün xarici borclarını ödəməyə yox, “qara bazar”-a axırdı. Bu da öz növbəsində “kölgə iqtisadiyyatı”nı stimullaşdırırdı, “qara bazar” isə bazarda dolların qiymətinin süni qalxmasına şərait yaradırdı. O baxımdan, marja aradan qaldırıldı. 4 faizlik marjanın ləğvi əslində “qara bazar”ın ləğvi üçün hesablanmış addımdır. Mərkəzi Bank 4 faizlik marjanı ləğv etsə də, manat hələ də bazarda öz həqiqi qiymətini almayıb və burada yetərincə spekulyativ amillər mövcuddur. Bu gün manatın məzənnəsinin ucuzlaşmasına səbəb olan amil ölkəyə olan idxal və ya neftin ucuzlaşması deyil, daha çox kapital axını ilə bağlıdır.
Kapital axınına səbəb isə ölkədə biznes mühitinin olmaması və məmur sahibkarlığıdır…
-Ölkədən kapital axınına səbəb nədir ki? Niyə bunun qarşısı alınmır?
-Kapital axınına ilk və əsas səbəb ölkədə iqtisadi dözümsüzlüyün hökm sürməsidir. Digər əsas məsələ isə odur ki, son illərdə bir sıra vəzifəli şəxslərin həbs edilməsi və ya vəzifədən uzaqlaşdırılması ölkədən kapital axınını stimullaşdırıb. Ona görə də hesab edirəm ki, manatın məzənnəsinin ucuzlaşmasının əsas səbəbi ölkədən çıxan kapital axını ilə bağlıdır. Çünki kapital axını dollara tələbatı artırdığından, bu da dolların qiymətinin artımına şərait yaradır.
Hesab edirəm ki, həm manatın bazarda sabitləşməsi, həm də kapital axının qarşısını almaq üçün hökumət inhisarçılığı aradan qaldırmaqla iqtisadiyyatı stimullaşdırmalı və normal biznes mühiti formalaşdırmalıdır. Sahibkarlara şəriat yaradılması istiqamətində real addımlar atılmalıdır. Məmur sahibkarlığına son verilməlidir. Bunun üçünsə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq, kompleks addımlar atılmalıdır. Hamı qanun qarşısında bərabər olmalıdır. O zaman manat bazarda öz həqiqi dəyərini tapa bilər və kapital axını dayanmaqla, əksinə Azərbaycana sərmayə axını başlaya bilər.
Prezident sahibkarlara hərtərəfli dəstək olsa da, məmur özbaşınalığı buna mane olur…
-Yəni, deyirsiz ki, bunun qarşısını almaq üçün ilk olaraq məmur özbaşınalığının, inhisarçılığın qarşısı alınmalı və normal biznes mühiti yardılmalıdır…
-Bəli. Məmur sahibkarlığının qarşısı alınmalıdır. Məmur sahibakarlıqla məşğul olmamalıdır. Oliqarxiyanın yerini göstərmək lazımdır. Əslində, 2012-ci ildən etibarən Azərbaycanda məmur sahibkarlığı özünü qabarıq formada göstərməyə başladı. Bunun bariz nümunəsi kimi deyə bilərəm ki, metal istehsalı ilə məşğul olan iri metal şirkətləri bazardan sıxışdırılaraq çıxarıldı. Bundan sonra Azərbaycan dünyada biznes mühitinə görə sonuncu yerlərdən birində qərarlaşmalı olub. Buna səbəb isə müxtəlif məmurların dövlət resurslarından öz şəsxi resursları kimi istifadə etməsi ilə bağlıdır. Bu məmurlar biznes aləmində öz ailə üzvlərinə məxsus şirkətlərə daha çox münbit şərait yaratmaql, digərlərini qeyri-qanuni, administrativ yolla bazardan sıxışdırılıb çıxarırlar. Düzdür, 2015-ci ildən başlayraq dövlət başçısı ölkədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı bir sıra ciddi addımlar ataraq sərəncamlar, fərmanlar imzalayıb. Qanunvericilik bazası təkmilləşdirilib. Gömrük- keçid məntəqlərində sahibkarlara ixracatı stimullaşdırmaq məqəsdi ilə “yaşıl dəhliz”in yaradılması istiqamətində addımlar atılıb. Bunların hamısı müsbət addımlardır. Ancaq bunlar yetərli deyil və problemlər qalmaqdadır. Yəni, Azərbaycan iqtisadiyyatının inkişafının qarşısında duran ən böyük əngəl məmur sahibkarlığı və inhisarçılıqdır. Bir də bəzi məmurların dövlət resurslarından öz şəxsi resursları kimi istifadə etməsidir.
“Mən də 2012-ci ilin iyununda metallurgiya sahəsində çalışan sahibkarlara qarşı baş verən hadisədən sonra biznesimi bu ölkədən çıxarmalı oldum“
-Nazm bəy, metallurgiya bazarından sıxışdırılıb çıxarıldıqdan sonra biznesinizin böyük qismini İrana köçürülməsi barədə məlumatlar var…
– Təbii ki, biznes adamı fəaliyyət göstərmək üçün hər zaman özünə münbit bir yer axtarır. Mən də 2012-ci ilin iyununda metallurgiya sahəsində çalışan sahibkarlara qarşı baş verən hadisədən sonra biznesimi bu ölkədən çıxarmalı oldum. Burada bir məqamı da qeyd etmək istərdim ki, 2012-ci ildə “Baku Stil Company” tərəfindən 20-dən artıq metal sahəsində çalışan iş adamlarına qarşı hücum reyderləri təşkil olundu. Mənim də rəhbər olduğum Azərbaycan-Türkiyə birgə müəssisəmə qarşı ədalətsiz mövqe sərgiləndi. Baxmayaraq ki, bununla bağlı qanuni yolla mübarizə aparıldı və məhkəmlərə müraciət edildi. Hazırda aşağı instansiyalarda proseslər yekunlaşıb . Və iş Apellyasiya Məhkəməsində yekunlaşıb. Biz hətta, hüquqlarımızdan istifadə edib beynəlxalq müstəvidə də mübarizə aparmaq niyyətimiz var. Əslində belə olmalı deyil. Biznesdə fəaliyyət göstərmək üçün hamıya bərabər şərait yaradılmalıdır. Azərbaycanda dözümsüzlük mühiti olduğundan biznesimi buradan çıxarmalı oldum.Biznesimi İrana köçürmək zorunda qaldım…
– İndi İranda işləriniz necə gedir?
-Hazırda İranda metallutgiya və bəzi digər sahələrdə biznes fəaliyyətimiz var. Ancaq bu barədə geniş danışmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, biz İranda qanunvericiliyə uyğun olaraq işimizi qurmuşuq.
-Sizin İranda taxıl, xüsusən, un istehsalı sahəsində də biznesinizin olduğu bildirilir?
-Mən Rusiyanın “Voronejselmaş”ın Azərbycan , Gürcüstan, İran, İraq, ümumiyyətlə, Yaxın Şərq üzrə rəsmi nümayəndəsiyəm. Və buna uyğun olaraq da qanunvericilik sahəsində fəaliyyət göstəririk.
“Mənə qarşı ədalətsizlik olsa da, soydaşlarımızı Azərbaycan iqtisadiyyatına sərmayə qoymağa çağırıram…”
-Demək istəyirsiniz ki, artıq Azərbaycanda heç bir biznes fəaliyyəti ilə məşğul deyilsiniz?..
-Biz qanuna hörmət edən insanlarıq. Qanuna tabeyik. Qanunun verdyi imkanlardan istifadə edərək, sahibkarlıqla məşğuluq. Ancaq fürsətdən istifadə edib xaricdə yaşayan soydaşlarımızı Azərbaycan iqtisadiyyatına yatırım qoymağa çağırıram. Baxmayaraq ki, mənə qarşı ədalətsilik olub, ancaq onları bura dəvət edirəm. Nə qədər çətin olsa da, bura Vətəndir və ölkəmizdə biznes fəaliyyətlərini genişləndirsinlər. Ölkə iqtisadiyyatına öz töhfələrini versinlər.
“Avtoqarant”ASC-nin 30 faiz səhminə sahib olsam da, indiyədək oradan bir qəpiyin də sahibi deyiləm…
– Sirr deyilsə, Azərbaycanda hansı sahədə fəaliyyət göstərirsiniz?
– Burada mənim ciddi biznesim yoxdur. Ancaq təsisçilik və payçılıq hüququm var. 2012-ci ildən sonra fəaliyyətim ancaq təsisçilik səviyyəsindədir. Hazırda “Avtoqarant” ASC-nin 30 faiz səhminə sahibəm. Buna baxmayaraq indiyədək buradan bir qəpik də dividentin sahibi deyiləm. Mənimlə yanaşı 110 nəfər divident ala bilməyib. Çünki bu Azərbaycanda korporativ idarəetmə mədəniyyətinin olmaması ilə bağlıdır. Təəssüf edirəm ki, Azərbaycanda şəriklik mədəniyyəti də yoxdur. Kim nə qədər bacarırsa, qanunlara hörmətsilik edir, vergidən yayınır, başqasının malına göz dikir…
Ona görə də ölkədə biznes mühitinin sağlamlaşdırılması istiqamətində həm qeyri- institusional islahatlar aparılmalıdır, həm də dövlət idarəçiliyi təkmilləşdirilmələrək, bu sahəyə yanaşma metodu dəyişməlidir. Baxmayaraq ki, dövlət başçısı sahibkarlara hərtərəfli dəstək verir, ancaq məmurların yanaşmasında fərqlilik olduğundan, proseslər ləng gedir və istənilən nəticəni vermir.
Büdcə əhalinin əməkhaqqını yetərincə qaldırmağa imkan vermir…
-Nazim bəy, son dövrlərdə qiymtələrin sürətlə bahalaşamsına da mövqeyinizi bilmək istərdik. Çünki bu bahalaşma əhalinin gəliri ilə tərs mütənasiblik təşkil edir. Yəni, vətəndaşın maaşı artmır, amma qiymət artımı baş verir. Bunun hansı fəsadı ola bilər?
– Təbii ki, istənilən qiymət artımı insanların gırlərini azaldır. Bahalaşma əsasən idxalatla bağlıdır. Yəni, dollar bahalaşdığından idxal olunan malların qiyməti də artacaq. Yəni, bu gün ölkənin gündəlik tələbat və qida məhsulları ilə bağlı idxalatdan ciddi asılılığı yaranıb. Hətta, gündəlik tələbat və qida məhsulunun 80 faizi ölkəyə idxal olunur. Yenə də deyirəm buna da səbəb ölkə iqtisadiyyatındakı inhisarçılıqdır. Həm daxili, həm də idxalatda inhisarçılıq hökm sürür və bu da bahalaşmanı stimullaşdırır. Yəni, həm inzibati, həm də obyektiv yolla artım baş verir.
Qiymət qalxdıqca isə əhalinin gəlirləri azalır. Yaranmış vəziyyətdən çıxış yolu isə ölkə iqtisadiyyatını inkişaf etdirmək və əhalinin gəlirlərinin artırılmasına nail olmaq lazımdır. Büdcə yolu ilə əhalinin gəlirlərini artırmaq mümkün deyil. Çünki büdcə yolu ilə vətəndaşın maaşını artırmaq mümkün olmadığı kimi, bu düz yanaşma da deyil. Bu gün büdcədən təqribən bir milyonadək insan maaş, 1,5 milyon insan isə pensiya alır. Bu da orta hesabla ölkə əhalinin hər 8-9 nəfərindən birinin büdcədən maaş alması deməkdir. Ölkədə orta əməkhaqqı isə 480 manat civarındadır. Bu vəsaitlə ailəni bu günkü şərtlər daxilində dolandırmaq mümkün deyil.Belə olan şəraitdə isə “kölgə iqtisadiyyatı” faktoru üzə çıxmış olur.
Bəzi hesablamalara görə, Azərbycanda “kölgə iqtisadiyyatı”nın ÜDM-də payı 80 faiz təşkil edir.
Bu yolu praktik keçən bir bir şəxs kimi deyirəm ki, əhalinin gəlirlərini artırmaq iqtisadi fəallığı stimullaşdırmaqla mümkün ola bilər. Bu yolla əhali daha çox gəlir əldə etsin və normal dolansın. Bunun üçün hökumət müxtəlif layihələr həyata keçirməklə, əhalinin paytaxt Bakıya deyil, bölgələrə dönüşünə nail olmalıdır. Kənd əhalisinin məsuliyyəti artırılmalıdır.




Söhbətləşdi Mürtəza Bünyadlı
Gununsesi.info