Kimlər partiya sədri ola biləcək?- YENİ QAYDALAR

Siyasi partiya sədri olmaq istəyən şəxslərə dair yeni tələblər müəyyənləşir. 

Gununsesi.info  xəbər verir ki, bu barədə “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ilkin versiyasında qeyd edilib.

HTML tutorial

Layihəyə əsasən, siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün idarəetmə orqanı olan sədr seçilə bilər. Sədr partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Qurultay sədri seçir və səlahiyyətlərinə xitam verir. Siyasi partiyanın nizamnaməsi ilə sədrin səlahiyyət müddəti, həmçinin müavinlərinin olması müəyyən oluna bilər.

Yeni təkliflərə görə sədr: 

– siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, etibarnaməsiz partiyanın adından hərəkət edir;

– siyasi partiyanı təmsil edir;

– fəaliyyəti barədə qurultay qarşısında hesabat verir;

– Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq etibarnamələr verir, partiya adından əlaqələr qurur, siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində partiyanın əmlakı və vəsaitləri üzərində sərəncam verir;

– siyasi partiyanın icra və nəzarət orqanlarının növbədənkənar iclaslarını çağırır;

– özünün, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.1.3-cü və  49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etməsi, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1.6-cı maddəsi ilə müəyyən edilmiş qaydada siyasi partiyanın nəzarət orqanına təqdim edir.

Bu Qanunun 14.2-ci, 15.2-ci (siyasi partiyada icra orqanı olduğu halda), 15.4-cü və 17.2-ci maddələri nəzərə alınmaqla, siyasi partiyanın nizamnaməsinə uyğun olaraq sədrin səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər.

Siyasi partiyada sədr olmadığı halda, bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri siyasi partiyanın nizamnaməsinə uyğun olaraq partiyanın icra orqanı həyata keçirir.

Siyasi partiyanın sədri və sədr müavinləri yalnız Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan partiyanın üzvləri sırasından seçilə bilər. Sədr və sədr müavinləri siyasi partiyanın icra orqanında və məşvərətçi qurumlarında, o cümlədən onların rəhbərliyində təmsil oluna bilər.

Sədr səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini müavinlərinə (olduğu halda) həvalə edə bilər.

Sədr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsində müəyyən edilmiş vəzifələri yerinə yetirməyə borcludur.

Gununsesi.info