“Kimsəsiz uşaqlarla bağlı neçə dəfə məsələ qaldırmışam, amma konkret bir iş görülməyib” -DEPUTAT

“İstər paytaxtımızda, istərsə də digər iri şəhərlərdə kimsəsiz uşaqların sayının artması ilə bağlı parlamentin iclaslarında bir neçə dəfə məsələ qaldırmışam. Bildirmişəm ki, onlar hansısa təhsil müəssisəsinə və ya internat məktəblərinə yönəldilməlidir”.

Bu barədə Publika.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, bununla bağlı hələlik konkret bir iş görülməyib:

HTML tutorial

“Konkret olaraq, kimin məsuliyyət daşıdığı da bəlli deyil. Artıq bunlarla polisin gücü ilə də mübarizə aparmaq mümkün deyil. Tutaq ki, polis onları tutub küçələrdən yığışdırdı. Bəs onları hara yerləşdirəcəklər? İnternat məktəbləri, təhsil şəbəkələri hardadır? Hələ də bu suallara cavab verən yoxdur. O uşaqlar bu gün başlı-başına qalıb. İcra hakimiyyəti orqanları və azyaşlılarla məşğul olmalı qurumlar problemlə maraqlanmaq istəmir, hətta heç birinin konkret mexanizm təklif etmək imkanları belə yoxdur”.

Deputarın sözlərinə görə, sahibsiz uşaqların çoxu küçələrdə, nəqliyyatın sıx olduğu yollarda “fəaliyyət göstərir”, faktiki pul dilənir, nəqliyyatın hərəkətinə mane olurlar:

“Onlar təkcə hərəkətə mane olmur, öz həyatlarını böyük təhlükə altında atırlar. Sanki bunu görən, eşidən və bir tədbir görmək istəyən yoxdur. Onların əksəriyyəti valideyn himayəsindən məhrum uşaqlardır. Əgər valideyn övladına sahib çıxmırsa, onları ailədən almaq, təhsil müəssisəsinə yerləşdirmək, oxutdurmaq lazımdır. Bu uşaqlar təhsilə cəlb edilmədikcə, problem daha da böyüyəcək. Bu baxımdan problemin görünəndən daha vahiməli və qorxulu olduğunu düşünürəm. Söhbət təkcə bu uşaqlardan getmir. Elə yerlər var ki, narkomaniya yuvasına dönüb, sahibsiz uşaqlar taleyin ümidinə buraxılıb. Bu vaxta qədər müvafiq sığınacaqlar tikmək, onları yerləşdirmək, müalicəyə cəlb etmək lazım idi. Ancaq bunların heç biri edilməyib. Sabah onlar hansısa kriminal şəbəkənin əlinə düşəcək və cinayətkara cevriləcək. Bu isə dövlət üçün artıq ayrıca bir problem yaratmış olacaq”.

Gununsesi.info