“Kino sektorunun başında bu sahəni bilən bir şəxs dayanmalıdır” -HACI HƏSƏNOV

“Azərbaycanda kino sektoru hazırda elə vəziyyətdədir ki, özəl kino şirkətlərinin böyük əksəriyyəti çəkdikləri filmlərin xərcini kinoteatrlardan geri çıxara bilmir. Bəzi istisnalar var, amma onların sayı çox azdır. Bu səbəbdən, kino sahəsinin tamamilə məhv olmasını istəmiriksə, dövlət tərəfindən maliyyə dəstəyi mütləq şəkildə ayrılmalıdır”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında rejissor Hacı Həsənov deyib:

“Əks halda, bu sahə getdikcə daha da zəifləyəcək və tamamilə sıradan çıxacaq. Onsuz da bu gün vəziyyət kifayət qədər acınacaqlıdır və proses tədricən daha da ağırlaşır.

Azərbaycanda kifayət qədər ssenarist var, istedadlı gənc rejissorlarımız da az deyil. Problem istedadda yox, sistemdədir. Mən hesab edirəm ki, indiyə qədər kinoya ayrılan vəsaitlər düzgün istiqamətlərə yönləndirilməyib. Uzun illər dövlətin ayırdığı pullar müəyyən insanların ətrafında fırlanırdı. Hər il eyni 4–5 rejissora layihələr verilir, gənc yaradıcılar isə prosesdən tamamilə kənarda qalırdı. Halbuki ölkədə çoxlu sayda rejissor və yaradıcı komanda var, sadəcə onlara şərait yaradılmır”.

Rejissorun fikrincə, əgər söhbət dövlət dəstəyindən və Mədəniyyət Nazirliyindən gedirsə, kino sektorunun başında mütləq bu sahəni dərindən bilən bir şəxs dayanmalıdır.

“Məsələn, Orxan Fikrətoğlu — həm kino, həm də ssenari istiqamətini çox yaxşı bilən bir insandır.

Əgər söhbət yalnız özəl sektordan gedirsə, dövlət dəstəyi olmadığı halda bu sahənin tam çökəcəyini demək olar. Çünki Azərbaycanda filmə sponsor tapmaq da çətindir, onları bu prosesə inandırmaq da. Bu gün film istehsalı üçün lazım olan büdcəni özəl şirkətlərin təkbaşına qarşılaması real görünmür”.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında bildirib ki, gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb.

O, qeyd edib ki, gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil.

Onun sözlərinə görə, Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var:

“Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü, bunun səbəblərini bilmirəm. Ancaq hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxaracaq. Nəticədə kinomuz inkişaf edə bilməyəcək”.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info