Əməkdar artist Almaz Ələsgərova uşaqlıq xatirələrindən və çətin həyatından danışıb.
Gununsesi.info xəbər verir ki, bu barədə müğənni “Həftənin qonağı” verilişində aparıcı Ülvira Qarayevanın suallarını cavablandırarkən deyib.
“Bir kişinin varlı olması mənim üçün daha önəm daşımır. Çünki həyatda hər şeyi gördüm, varlıq da, darlıq da. Hamı çətinlik görüb. Elə günlər olub ki, sabaha fikirləşmişəm ki, maşında benzin yoxdur, mən nə edəcəm? Mənə zəng edib deyiblər ki, Moskvaya toy var. Mən də nazlana-nazlana demişəm ki, qoy blaknotuma baxım, görüm. Halbuki həmin ərəfədə heç toylarım olmayıb. Getmişəm, cibi dolu gəlmişəm.
Allahımdan çox razıyam. Mən kasıb qızı olmuşam, kasıb ailədə böyümüşəm. Atam adı işçi insan olub. Hər nə qədər kasıb olsaq da, atam soyuducumuzu həmişə dolu saxlayardı. Top vursan, partlamazdı. Atam yeyib içən, anam da gözəl bişirməyi bacaran olub. Yağış yağanda anam düşbərə, qutabı əskik etməzdi.
Ancaq böyük evimiz olsun, maşınlarımız olsun, yox, bunlar olmayıb. Atam özü tikmişdi evi. Yadımda ki, atam işdən gəlirdi, baxırdıq bir maşın qum boşaldırdı, qumu boşaldıb gedirdi. Deyirdi: “El vurmayın, gəlib həll edəcəm.”
Anam da işsiz qala bilmirdi, atam gəlincə hamımız birləşib həyətə daşıyırdıq. Biz belə yaşayırdıq”.
Şəbnəm












