KİV: -Rusiya sanksiyalara baxmayaraq, Ermənistan vasitəsilə Qərbdən silah texnologiyaları idxal edir

ABŞ və Avropa İttifaqı rəsmiləri Rusiyanın bu ölkəyə idxalı qadağan olunmuş Amerika və Avropa texnologiyalarını Ermənistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə marşrutlarını dəyişdirərək əldə etməsindən narahatdır.

Gununsesi.info “The New York Times“ə istinadən xəbər verir ki, martın 24-də ABŞ və Aİ rəsmilərinin Rusiyaya idxalı qadağan olunsa da, digər ölkələr vasitəsilə bu ölkəyə göndərilmiş texnologiyalar haqqında məlumat mübadiləsi edib, vəziyyəti dəyərləndiriblər.

Nəşrin əldə etdiyi 24 mart iclasının slaydlarına görə, yüksək vəzifəli vergi və ticarət rəsmiləri Ermənistan, Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya çiplərin və digər elektron komponentlərin satışında artım olduğunu qeyd ediblər.

“The New York Times” nəşri bildirib ki, artıq bir ildir Qərbin qəbul etdiyi sanksiyalara görə, Rusiyanın silah istehsal etmək qabiliyyəti azalsa da, ölkə hələ də bir çox elektron komponentlərə dövri giriş əldə edir.

“ABŞ və müttəfiqlərindən Rusiyaya birbaşa satış sıfıra enib. Lakin ticarət məlumatları göstərir ki, digər ölkələr Rusiyaya lazım olanların bir hissəsini təmin etmək üçün bu ölkəyə kömək edir”, – nəşr qeyd edib.

Döyüş meydanından çıxarılan Rusiya silahlarını tədqiq edən “Conflict Armament Research” müstəqil qrupu tərəfindən bu günlərdə dərc edilən hesabata görə, işğalın başlamasından sonra Rusiyanın istehsal etdiyi silahlarda bu ölkəyə idxalı qadağan olunmuş çiplərin nümunələri tapılıb.

Təhqiqata rəhbərlik edən Damien Spleetersin sözlərinə görə, ABŞ şirkəti tərəfindən hazırlanmış üç eyni çip, ötən ilin fevral və mart aylarında Ukraynada Rusiyanın istifadə etdiyi “Lancet” dronlarında tapılıb.

“The New York Times” bildirir ki, mart görüşündə ABŞ və Avropa rəsmiləri Rusiyanın Amerika və Avropa mallarını Ermənistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə marşrutlarını dəyişdirərək əldə etməsindən narahatlıqlarını qeyd ediblər.

“ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun möhürü ilə işarələnmiş bir sənəddə deyilir ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Sənəddə bildirilir ki, daha sonra Ermənistan eyni məhsulların 97 faizini Rusiyaya ixrac edib.

Digər bir sənəddə Sənaye və Təhlükəsizlik Bürosu Rusiya silahlarının inkişafı üçün kritik hesab edilən səkkiz kateqoriya çip və komponentləri, o cümlədən, Rusiya qanadlı raketlərinin bir modeli olan KH-101-də Rusiya idxalı qadağan edilmiş hissə tapılıb”, – “The New York Times” nəşri bildirib.

 

Şəbnəm

Gununsesi.info