Böyük Britaniya hökuməti noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçı Donald Trampın mümkün qələbəsi üçün hazırlaşmağa başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The i” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Böyük Britaniya Xarici İşlər Nazirliyi Trampın əsas beynəlxalq məsələlər, o cümlədən Ukrayna və Yaxın Şərqdəki münaqişələr, habelə Çinlə münasibətlərə dair mövqeyini əks etdirən xüsusi dosye toplayır. Beləliklə, Xarici İşlər Nazirliyi respublikaçı namizədin qələbəsinin London üçün sürpriz olduğu 2016-cı ildəki səhvlərdən qaçmaq üçün Ağ Evə mümkün qayıdışının nəticələrini təhlil etmək niyyətindədir. Qeyd olunur ki, dosyenin tərtibində əsas rolu Böyük Britaniyanın Vaşinqtondakı səfiri Karen Pirs, həmçinin Böyük Britaniyanın NATO və BMT-dəki nümayəndələri oynayır.
“Trampın seçilməsi çox şeyi dəyişəcək, çünki “Brexit”dən sonra bizim xarici siyasətimiz Amerikadan və onun seçdiyi istiqamətdən daha da asılı olub. Trampın gəlişi daha aqressiv kursa keçmək demək olacaq, məsələn, İranla bağlı”, – deyə Britaniya hökumətindəki mənbə qəzetə bildirib.
Keçən il aprelin 25-də Demokratlar Partiyasını təmsil edən Amerika lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlamışdı. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan etdi. O, Respublikaçılar Partiyasının əsas namizədidir.
Gununsesi.info