İran prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə səfər edə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Məlumata görə, heç bir dəyişiklik olmasa, səfər təyin olunmuş tarixdə baş tutacaq. Rəisinin Türkiyəyə səfəri artıq təxirə salınmışdı.
Qəzet qeyd edib ki, səfər zamanı danışıqların əsas mövzularından biri terrorizmlə mübarizə olacaq.
Noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rəisinin noyabrın 28-də səfərinin, eləcə də Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının gözlənildiyini açıqlayıb. Lakin Rəisi həmin vaxt Ankaraya getməyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, səfər BMT Təhlükəsizlik Şurasının Qəzza zolağındakı vəziyyətlə bağlı iclası ilə əlaqədar təxirə salınıb.
Daha sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rəisi Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası ilə əlaqədar Türkiyəyə “tezliklə səfər edəcək”.
Gununsesi.info