KİV: İsrail hərbi kabineti Qəzza zolağında atəşkəsin uzadılmasını müzakirə edir

  • By admin
  • 27 Noyabr 2023 09:21

İsrailin hərbi kabineti Qəzza zolağında atəşkəs rejiminin dörd günlük müddətindən sonra uzadılmasını müzakirə edir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Qəzet qeyd edir ki, müzakirə HƏMAS-ın nümayəndələri daha çox girovların azad edilməsi müqabilində atəşkəsi daha da uzatmağa hazır olduqlarını bildirdikdən sonra başlayıb.

Bundan əvvəl “Lebanon 24” xəbər portalı Dohada danışıqlarda iştirak edən ərəb vasitəçilərinə yaxın mənbəyə istinadən, HƏMAS-ın İsraillə əsir mübadiləsi sazişini iki-dörd günə uzatmağa hazır olduğunu bildirib. HƏMAS-ın “Telegram” kanalında yayımlanan məlumatında deyilir ki, onlar “atəşkəsi dörd günlük müddətindən daha da uzatmağa çalışır və humanitar atəşkəs razılaşmasına əsasən azad edilməli olan girovların sayını artırmaqla bunun üçün səy göstərir”.

Noyabrın 22-də HƏMAS  Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında dörd günlük humanitar atəşkəs haqqında razılığa gəldiyini açıqlayıb. Razılaşmalar anklavda saxlanılan 50 uşaq, yeniyetmə (19 yaşdan aşağı) və qadınların mərhələli şəkildə İsrail həbsxanalarından 150 yeniyetmə (19 yaşdan aşağı) və qadınların azad edilməsini nəzərdə tutur. Atəş noyabrın 24-də yerli vaxtla saat 07:00-da qüvvəyə minib.

Gununsesi.info