“KİV və müəllif hüquqları”  mövzusunda konfrans keçirilib

  • By admin
  • 19 Avqust 2016 17:50

musviqtelim

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  “KİV və müəllif hüquqları” mövzusunda konfrans keçirib.  

Bu barədə MİTDİB-dən verilən Gununsesi.info-ya  məlumata görə, Beynəlxalq Mətbuat Mərkəzində  keçirilən konfransa KİV təmsilçiləri və internet fəalları qatılıblar.
Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən ““İnternet informasiya resurslarında müəllif hüquqlarının qorunması təşəbbüslərinə  yardım” layihəsi çərçivəsində baş tutub.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki,  tədbirin  keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “İnternetin inkişafı KİV-də müəllif hüqqlarının qorunmasını çətinləşdirib. Baxmayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir. Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı,  medianın rəqəmsal müstəviyə köçməsi  müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər  bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”. 
Konfransda iştirak edənlər çıxışlarında müəllif hüquqlarının qorunmamasının peşəkar KİV-lər və jurnalistlər üçün yaratdığı problemlərdən bəhs edərək, keçirilən konfransın bu sahədə yeni proseslərə yol açacağını vurğulayıblar.
Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin Qərb, Cənub və Şimal-şərq bölgəsində fəaliyyət    göstərən media təmsilçiləri üçün  seminarlar da keçirilib. Həmçinin,layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə  “KİV və müəllif hüquqları” adlı vəsait də çap  edilib,  jurnalistlər arasında pulsuz paylanır.
 Gununsesi.info