Klassik Amerikan hekayəsi: - İkiüzlü həqiqət

  • By admin
  • 27 May 2019 23:45

ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş məxfi agenti Edvard Snoudeni xatırlayırsınızmı ?

2013-cü il iyunun əvvəllərində gənc agent Snouden The Guardian və The Washington Post qəzetlərinə MTA-nın məxfi məlumatlarını, o cümlədən, ABŞ xüsusi xidmət orqanları tərəfindən PRISM, X-Keyscore və Tempora informasiya və əlaqə şəbəkələri vasitəsilə bir çox dünya ölkələrinin vətəndaşlarının informasiya mübadiləsinə total nəzarət həyata keçirilməsinə dair məlumatları ötürdüyü üçün haqqında ölüm hökmü çıxarılmışdı.

Snouden, vətəndaşı olduğu ölkəyə bağlı bir dövlət qurumunun qanundan kənar hərəkətini ictimailəşdirərək bu qurumun və rəhbərliyinin islah edilməsini istəmişdi.

Başqa bir deyişlə, Edvard Snoudenin yeganə günahı ABŞ təhlükəsizlik servisinin siyasi tərbiyəsizlik edərək başqa ölkələri, onların səfirliklərini dinləməsini ortaya çıxarmasıydı.

Snouden həyatında qarşı yaranmış təhlükə qarşısında, yaşadığımız planetdəki yüzlərlə dövlət içində ABŞ-a qarşı əks güc mövqeyində olan Rusiyaya sığınmağı daha  ağlabatan hesab etdi və bu strateji addımı atdı.

Bundan əvvəl və sonra baş verən bir çox hadisə də onu göstərir ki, çox güman ki, Rusiyadan başqa bir dövlət olsaydı, gənc agent artıq öz ölkəsinə ekstradisiya edilmiş və haqqındakı hökm icra olunmuşdu.

Bu gün, o vətənə xəyanət ittihamıyla ölkə vətəndaşlığından çıxarılıb, vətənsiz insan edilib.

ABŞ-a qayıtdığı və ya təhvil verildiyi təqdirdə isə onu edam cəzası gözləyir.

Peşəsindən uzaqlaşdırılması və işdən atılmasını bəlkə normal qarşılamaq olardı, ancaq bu cür repressiyaya məruz qalması ABŞ-ın insan haqqını kobud pozması deməkdir.

Eyni hadisəni İran, Rusiya təhlükəsizlik orqanlarında xidmət edən biri etsəydi, beynəlxalq media həmin adamı qəhraman olaraq dünya ictimaiyyətinə tirajlayacaqdı.

İndi isə, Snoudenə demokratiya beşiyi adlandırdığımız heç bir ölkə sahib çıxmır, təbii ki ABŞ-dan çəkinmələri və milli maraqlar burada mühüm rol oynayır.

Bu hadisə baş verdikdə, xatırlayıram ki, ölkə mətbuatını da diqqətlə izləmişdim, Azərbaycanın amerikapərəst, qərbpərəst dırnaqarası demokratları bu məsələyə fikir bildirmir, bildirməyə tələsmirdilər.

Halbuki, ədalət hər yerdə və hamı üçün eyni olmalıdır.

Çox istəyərdim ki, özünü azad sözün carçısı kimi təqdim edən Azadlıq radiosu öz verilişlərində Misiri, Türkiyəni, Rusiyanı, İranı müzakirə etdiyi qədər bu məsələni də müzakirəyə çıxarardı, bildiyim qədər bu baş vermədi.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) yaxud bu günkü adıyla Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) onu dinləməsini həzm etməyən bir vətəndaş, bu dövlət qurumunun fəaliyyətindəki qanun pozuntuları olduğunu iddia edən jurnalist, əgər ABŞ-ın etdiklərinə normal baxırsa, susursa, deməli o birincinin etdiyini haqq edir.

Elə Azərbaycan müxalifəti də ona görə uğur qazana bilmir ki, müxalifət daxilində qərblə əməkdaşlıq edən və qərbə inteqrasiyanın vacibliyinə inananlar arasında siyasi ikiüzlülər çoxdur.

Xalq isə bunu qəbul etmir.

Son illərdə ABŞ-da federal dövlətin öz vətəndaşlarını, iş adamlarını dinləməsiylə bağlı da skandallar yaranmışdı.

İndi artıq bu skandallar beynəlxalq səviyyədədi.

Bu gün Donald Trampın rəhbərlik etdiyi Birləşmiş Ştatlar, dünyanı daha avtoritar və daha sərt qaydalarla idarə etməyə çalışır.

Çinin HUAWEI şirkətinə qarşı atılan addımlar, onun qlobal bazardan sıxışdırılaraq iflas cəhdləri, İrana qarşı tətbiq etdiyi embarqo və savaş təhdidləri, Rusiyadan T400 roketləri almağa çalışan Türkiyəyə iqtisadi şantaj hədələri, Venesuellada dövlət çevrilişi təşkili, işğal altındakı Suriyaya aid Golan təpələrini İsrail torpağı kimi tanıması, bir daha Tramp administrasiyasının nə qədər qeyri-rasional, dağıdıcı bir hegemon gücə çevrilməkdə olduğunu göstərir.

Bu bir daha onu göstərir ki, demokratiya və insan haqqları anlayışı qlobal mənada nisbidir və gücün formalaşdırdığı şəkildədir.

Məhz buna görə də, bizə bu cür demokratiya vəd edən klassik amerikan hekayələri lazım deyil, biz birlikdə, iqtidarlı-müxalifətli, sağlı-sollu bir millət olaraq Azərbaycanımızın inkişaf və demokratiya hekayəmizi özümüz yazmalıyıq.