Məşhur baş həkimin əl-qolunu bağlayıb,EVİNDƏN PUL APARDILAR

Məşhur baş həkimin əl-qolunu bağlayıb,

“Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin evində onun və həyat yoldaşının əllərini bağlayıb, evdən pul və qiymətli əşyalar oğurlamaqda təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılıb.  Quldurluq, oğurluq kimi əməllərdə ittiham olunan beş nəfərin – Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin işini Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Gununsesi.info xəbər verir ki, məhkəmə qarşısına çıxarılanlardan biri professorun sürücüsüdür. İttihama görə, digər təqsirləndirilən şəxslərə də o deyib ki, K.Abdullayev klinikanı satıb, pulu var. Hərçənd, özü bu barədə yazılanları qəbul etmir.

Ittiham aktında yazılıb ki, Firdovsi Əliyev 2 ay K.Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində o, Anar Əmirovla görüşəndə professorun çoxlu pulu, bahalı maşınları olduğunu bildirib. Deyib ki, bu yaxınlarda klinikanı da böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb. Bundan sonra Anar Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət professorun iş yerinə və evinə gedib, onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşüb planı müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Qərar verilib ki, telefonlarının anten məlumatlarından yerləri bəlli olmasın deyə, mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə versinlər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi da danışıblar. Anar Əmirov, Natiq Musayev və Bəhruz Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan itə bibər qazı sıxıblar. Özləri maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər. Həmin vaxt K.Abdullayev və həyat yoldaşı yatıbmış. Onların əllərini bağlayıb, tapança və bıçaqla hədələyərək, 2 milyonun yerini soruşublar. K.Abdullayev o qədər pulu olmadığını bildirib. Onlar evdən 5 min dollar, 2200 manat, bir neçə mobil telefon, 20 min manat dəyəri olan saat və başqa əşyalar aparıblar. İttihama görə, professora dəymiş maddi ziyan təxminən 35 min manat olub.

Məhkəmədə təqsirləndirilən şəxslərdən Anar Əmirov, Natiq Musayev və Bəhruz Hacızadə özlərini qismən təqsirli bilsə də, digərləri ümumiyyətlə, günahsız olduğunu deyib.

Anar Əmirov ifadəsində bildirib ki, Elməddin Musayev və Firdovsi Əliyevin evə basqından xəbərləri olmayıb: “Hadisədən 2-3 ay əvvəl Kamal Abdullayevin xəstəxanasının qarşısında Firdovsi ilə qarşılaşdım. Maaşını almaq üçün gəlmişdi, daha 2 ay onu görmədim. Mən Kamalın evinə getməyi Natiqlə danışmışam. İkimiz gedib evə baxdıq, amma qərara gəldik ki, 2 nəfər evə girə bilmərik. Sonra Bəhruz da bizə qoşuldu. Mən 2 milyon söhbətini elə-belə demişəm, evdə nə qədər pul olduğunu bilmirdim. Sonra üçümüz gedib evə girdik, Bəhruz pəncərəni açdı. Mən qadına yaxınlaşdım, Natiq də kişiyə. Qadın qışqıranda ona dedim ki, səninlə işimiz yoxdu. İki-üç dəqiqə sonra nəsə partlayış oldu, silah açıldı. Kişi qaz tapançası ilə Natiqi sinəsindən vurdu. Qadının ürəyi sıxıldı, mən onu otaqdan çıxardım. Sonradan Kamaldan tapançanı da, xəncəri də aldıq. Maskanı da təkcə mən geyinmişdim. Özümüzlə qaz balonu götürmüşdük, amma istifadə etmədik. Həyətdəki itə də heç nə etmədik, çünki bizi görüb gedib pilləkəndə uzandı. Hələ biz buna güldük də. Qadınla kişinin əl-ayağını da bağlamamışdıq. Kamaldan pulun yerini soruşdum, dedi aşağıdadır. İki konvert var idi, biri dollar, biri manat.Saymadan götürdüm. Sonra baxdıq ki, 5 min dollar, 2200 manat idi. Ondan 3300 dollar və 1200 manat Natiqə verdim, qalanını özümə götürdüm. Ətiri, kəməri, saatı mən yox, Natiq götürüb. Heç onlardan xəbərim olmayıb. Biz evdə təxminən 15 dəqiqə qaldıq, çıxanda təkcə kişinin ayaqlarını bağladıq ki, arxamızca gəlməsin. Onları döyməmişik. Sonra da avtovağzala gedib taksi ilə rayona yollandıq. Mənim telefonum avtovağzalda yox, Biləcəridə qaldığım evdə olub”.

Natiq Musayev də hadisənin A.Əmirovun danışdığı kimi olduğunu deyib: “Biz rayona gedəndə taksidə arxada oturduq, öndə başqa bir adam var idi”.

Prokuror bildirib ki, taksidə olan həmin şəxs polis əməkdaşı olub və onların söhbətindən cinayət törətdiklərini anlayıb.

Bəhruz Hacızadə isə quldurluğa getdikləri zaman telefonun öz üzərində olduğunu deyib.

Təqsirləndirilən Firdovsi Əliyev K.Abdullayevin yanında 2 ay sürücü işlədiyini, ondan pulunu ala bilmədiyini söyləyib: “Həmin gün də maaşımı almaq üçün gəlmişdim. Oradan əsəbi çıxdım, Anarla qarşılaşdım. Hirsimdən Anara dedim ki, filan qədər pulu, maşınları var, amma mənim pulumu vermir. Bundan sonra heç nədən xəbərim olmayıb. Bir dəfə polisə çağırdılar, mən də getdim. Kamal Abdullayev 350 manat maaş verəcəkdi, onu da radarlara görə çıxmışdı”.

Gülər

Gununsesi.info

COMMENTS